Press "Enter" to skip to content

Dədəlidən bir yurdçu

Nurlana İŞIQ

Nurlana İŞIQ Azər HƏSRƏTin 20 yanvar 1990-cı ildə rus-sovet qoşunlarının Bakıda törətdiyi qırğınlara həsr edilmiş “Mən tanıqlıq edirəm” adlı kitabı haqqında yazır…

BAYRAQDAR MEDİA – “Yadına sal, kimlərdənsən? Adın nədir?” Nayman ananın əsir düşən, yaddaşını qeyb etmiş oğluna verdiyi bu suallar bütün bəşəriyyəti sorğulayır. İnsanlıq tarixinin bünövrəsi bu sualla qoyulub. Kimlik və mənsubiyyət əsas dəyərlərimizdir bizim. Bu sualların bir cavabı da Azər Həsrətin kitabındadır.

Yaxın qohumum kənddən qonaq gəlmişdi bizə. Sağollaşərkən dua etdi: “Yurdunda yurdçu ol həmişə!”

…Qəribə bir alqış idi, uzun müddət düşündüm. Bu kitabı oxuyanda yurdçuluq kimi ülvi bir hissin, əslində bəşər övladına ən doğma hiss olduğunu bir daha anlayırsan. Müəllif, eyni zamanda baş qəhrəman öz hekayəsinə doğulduğu yerdən başladı və orada da bitirdi. Azər adlı bu qəhrəman əsl yurdçu idi. Kainatın əsas ali qanunları var. Ən birincisi bəlkə də budur: gəldiyin yerlərə qayıdacaqsan. Qırğız əfsanəsində də qoyulan bu suallar türkləri birliyə – Vətənə çağıran suallardır.

…Azər Həsrət lap əvvəldən başladı: gəldiyi yerdən – Dədəli kəndindən və uşaqlığından. İnsanı özünü tanımağın və tanıtmağın ən doğru yoludur keçmişə qayıtmaq. Çünki varoluş keçmişdən başlayır. Millətimizin bir keçmişi olduğunu sovet imperiyası gec-tez anladı və öz qınına çəkildi. Amma necə? Bunu bir də Azər Həsrətdən dinləyək.

…Hekayəyə başlayarkən (icazənizlə mən buna tarixi uzun hekayə deyim) müəllif doğulduğu yurdun – kəndin təsvirini o qədər sevgiylə və canlı verir ki, buraları vizual səyyah kimi gəzib dolaşır adam. Əgər ömrünüzdə bircə dəfə siz torpaqda, çaylaqda, meşədə ayaqyalın gəzmisinizsə, ömrün hansısa çağında bir də bunu təkrarlamaq istəyəcəksiniz. Və anlayacaqsınız ki, siz təbiətin, yurdunuzun balasısınız. Təbiəti sevən kainatı, nizam-intizamı sevir, yarandığı yurdu sevir, yurdunu sevən Allahı sevir.

…Mövlana deyir ki, qaynağından uzaqlaşan su kirlənər. Kitabın müəllifi də haqlı olaraq doğulduğu kəndi təsvir etməklə insanların yaddaşını təzələyir, onları lap əvvələ qaytarır. Şüuraltı o sualı qoyur: “Sən kimlərdənsən?”

…Azadlığın mənasına cavab axtarmaq var bu əsərdə. Kimlər azadlığı axtarır? Öz varlığını dərk edənlər. Yalnız qul olmağı seçənlər o qaynağı axtarmazlar, çirkabda yox olub gedərlər.

…Əsərdəki Azər adlı gənc (həm də müəllifin özü) ən çıxılmaz vəziyyətdə döşündəki bayrağı gizlətmir. Çünki milli şüuru dərk edib, öz varlığından xəbərdar olanlar nəhənglərin qarşısında cılızlaşmırlar. Biz Azərin timsalında millətimizin əzmini, iradəsini, mərhəmətini görürük bu hekayədə. Müəllif belə bir tarixi əsəri yazmaqla bizi ayıq-sayıq olmağa səsləyir. Qonşuların hiylələrindən qorunmağı, qan yaddaşımızı oyaq tutmağı hər səhifədə xatırladır bizə.

…1920-ci ildə Xudat əhalisinin Bakının müdafiəsinə qalxmağı, rus ordusunun qarşısında mərd-mərdanə durmağı 2020-ci ildə prezident İlham Əliyevin bu çıxışını xatırladır: “Sizin bizim torpaqlarımızda nə işiniz var? Biz öz torpaqlarımızdayıq…”

…Bəli, biz bu gün haqq savaşımızda qalibik. 70 illik sovet imperiyasına meydan oxuduq. Sarsılmadıq. Çünki biz dünyadakı yerimizi bilirik. Yolumuz qəhrəmanlıq yoludur. Kitabı oxuyandan sonra gələcək nəsillər keşməkeşli və məğrur tariximizin bir hissəsiylə tanış olacaqlar. Modern çağın kimlik və mənsubiyyət məsələlərini araşdırmaq istəyəcəklər. Mənsə məqaləmin əvvəlindəki fundamental sualla bitirirəm yazımı.

…Yadına sal, kimlərdənsən?..

"Mən tanıqlıq edirəm" kitabının üz və arxa qapağı
“Mən tanıqlıq edirəm” kitabının üz və arxa qapağı
Mission News Theme by Compete Themes.