Son yeniləmə: 3 İyul 2024 08:35
BAYRAQDAR MEDİA – Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının 2024-cü ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, “iclasda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli hazırda Qərbi Azərbaycanın bütün ərazilərini proporsional şəkildə əhatə edən 21 yerli icmanın fəaliyyət göstərdiyini, həmin rayonları təmsil edən nüfuzlu şəxslərin ictimai əsaslarla 5 il müddətinə icma sədri vəzifəsinə təyin olunduqlarını deyib.
O diqqətə çatdırıb ki, hesabat dövründə yerli icmalar məlumatlandırma və digər istiqamətdə verilən tapşırıqların öhdəsindən gəlib, ata-baba yurdlarımıza geri qayıdış uğrunda Qərbi Azərbaycan İcmasının ətrafında sıx birləşməyə və birgə çalışmağa davam ediblər. Bu ilin altı ayı ərzində yerli icmalar tərəfindən bir çox işlər görülüb, təşkilatlanma, strukturların formalaşdırılması, əhali qrupları ilə əlaqələrin yaradılması, onların arasında kommunikasiyanın gücləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində birlikdə, ardıcıl və məqsədyönlü şəkildə tədbirlər həyata keçirilib. İcma üzvlüyünə qəbul olmaq üçün 8000 nəfərin müraciətləri toplanıb və 7000-dən çox insana üzvlük vəsiqələrinin verilməsi artıq başa çatdırılıb”.
Məlumata görə, İcma sədri qeyd edib ki, təşkilatlanma ilə yanaşı, ən vacib məsələlərdən biri də 1987-1991-ci illərdə Ermənistan SSR-dən qovulmuş, geri qayıdış hüquqlarından məhrum edilmiş azərbaycanlı əhalinin siyahısının tərtib olunması, onların şəhərlər, rayonlar, qəsəbələr, kəndlər, ailələr üzrə təsnifatlaşdırılması işləridir: “Bu işlər demək olar tam başa çatdırılıb. Müəyyən olunub ki, deportasiya edilmiş 300 minədək əhali Azərbaycanın 58 rayonunda məskunlaşıb, bir qismi isə xarici ölkələrə köç etmək məcburiyyətində qalıb. Xatırladılıb ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Keşkənd icmasının sədri, professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb”.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, yerli icmalar Qərbi Azərbaycan İcmasının Aparatı tərəfindən təşkil olunan ümumi xarakterli tədbirlərdə fəal iştirak ediblər: “Bundan əlavə, ayrı-ayrı icmaların rayonlar və kəndlər üzrə görüşləri keçirilib, bu görüşlərdə İcmanın fəaliyyəti, görülən işlərin təhlili, qarşıda duran vəzifələrin müzakirəsi aparılıb”.