Press "Enter" to skip to content

İndoneziyada “ASAN xidmət” modeli

Görüş zamanı

Son yeniləmə: 2 İyul 2024 10:34

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anasın dəvəti əsasında bu ölkəyə səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 2-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “öncə nümayəndə heyəti İndoneziyanın vitse-prezidenti Maruf Amin tərəfindən qəbul edilib. Maruf Amin Azərbaycanın “ASAN xidmət” modelindən ilhamlanaraq ölkəsinin dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərə görə təşəkkürünü bildirib. Vitse-prezident Banyuvangi əyalətində açılmış ilk dövlət xidmətləri mərkəzindən sonra İndoneziyada artıq 200-dən çox bu cür mərkəzin mövcudluğunu və bu sayın 500-ə qədər artacağını bildirib. Həmçinin iqtisadi artım, investisiyalara nail olmaq üçün hər iki ölkənin ortaq maraqlar çərçivəsində cəmiyyət və özəl sektor üçün dövlət xidmətlərinin çatdırılmasını təşviq etdiyi vurğulanıb”.

Məlumata görə, vitse-prezident dövlət xidmətləri və sosial innovasiyalar sahələrində “ASAN xidmət” tərəfindən gələcəkdə də tətbiq olunacaq yeniliklərin İndoneziya tərəfi ilə bölüşülməsinə marağını ifadə edib: “Səfər çərçivəsində Ülvi Mehdiyevlə İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas arasında da ikitərəfli görüş keçirilib. İndoneziyalı nazir hazırda ölkəsində “ASAN xidmət” modeli əsasında yaradılmış 200-dən çox vətəndaşlara xidmət mərkəzinin fəaliyyət göstərdiyini bildirib və dəstəyə görə təşəkkür edib. Dövlət Agentliyinin sədri öz növbəsində İndoneziya tərəfinə qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib və bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan tərəfinin dəstəyə hazır olduğunu bildirib”.

Məlumatda, həmçinin “görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası çərçivəsində Fəaliyyət Planı imzalanıb. İndoneziya Respublikasının paytaxtında həyata keçirilən “Cakarta Ağıllı Şəhər” layihəsi ilə tanışlıq və şəhər rəhbərliyi tərəfindən təqdimat da baş tutub. Nümayəndə heyətinin İndoneziyaya səfəri davam edir” deyə qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.