Press "Enter" to skip to content

Yaradıcı heyət “Fiqaronun toyu”ndan danışdı

Səhnədə "toy"dur

Son yeniləmə: 2 İyul 2024 09:46

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, iyunun 29-u və 30-u Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (ADMGTT) yeni səhnə əsərinin – “Fiqaronun toyu” tamaşasının premyerası keçirilib.

“Fiqaronun toyu” tamaşası təqdim edilib

Premyeradan sonra yaradıcı heyətin üzvləri fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov: “Bildirim ki, 84 ildən sonra hazırlanan bu tamaşa həddindən artıq çətin tamaşadır və aktyorlardan çox peşəkarlıq tələb edir. Peşəkarlığı nisbətən zəif olan aktyor bu tamaşada oynaya bilməz. Biz tamaşaçılarımıza rəngarəng əhval-ruhiyyəli tamaşa təqdim etməyə çalışmışıq. Tamaşaçıların nəzərdə tutduğum hər bir mesaja, dəqiq yönləndirilmiş yerlərə reaksiyaları da göstərdi ki, onlar səhnə əsərini bəyəndi. İnanıram ki, tamaşa getdikcə daha da oturacaq, bişəcək və uzun müddət Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının repertuarına bəzək verən tamaşalardan biri olacaq. Mən qısa bir müddətdə texniki tərəfdən bu qədər çətin olan tamaşanın bütün texniki vasitələrini ərsəyə gətirə bildikləri üçün teatrımızın rəhbərliyinə, həmçinin texniki işçilərinə təşəkkür edirəm və teatrımızın bütün heyətinə uğurlar arzulayıram. Ümid edirəm ki, bu səhnə əsəri tamaşaçıların ən sevdiyi tamaşalardan biri olacaq”.

Bartolo rolunun ifaçısı Əməkdar artist İlham Əsədov: “Premyeramız gözlədiyimdən də gözəl keçdi. Tamaşaçılar çox yaxşı qəbul elədi. Hətta onu deyim ki, biz məşqlər zamanı tamaşanın hansı yerində alqış gedəcək, hansı yerində gülüş gedəcək deyə fikirləşirdiksə, elə də oldu. Bu da ondan irəli gəlir ki, tamaşanı düzgün, səliqəli oynayanda tamaşaçı da qəbul edir. Səhnə əsərində Mədəniyyət Nazirliyindən, İncəsənət Universitetindən, eləcə də teatrlarımızın aktyorları, Xalq artistləri iştirak edirdilər və hamısı da tamaşadan böyük sevgi, məhəbbətlə ayrıldılar. Onu da deyim ki, teatrda toy ovqatı yaradıb foyedə “Qız evi”, “Oğlan evi” qutuları qoymuşduq. Tamaşaçılar ora məktublar atıblar. Biz oradan məktubları çıxaranda gördük, tamaşaçıların bir fikri vardı ki, biz bu gün çox yaxşı istirahət etdik, dincəldik. Bütün tamaşaçıları, sizin oxucularınızı tamaşaya dəvət edirəm”.

Fiqaro rolunun ifaçısı Sənan Kazımov: “Mənim üçün çox gözəl bir tamaşa oldu. 84 ildən sonra ilk dəfə Fiqaro rolunu peşəkar səhnədə oynamaq mənə qismət oldu. Bu, bir aktyor üçün çox qürurverici haldır. Aylarla çəkən yorucu məşq prosesindən sonra nəhayət tamaşaçılarımızla görüşə bildik və onların gülüşləri sayəsində enerjimiz artdı. Doğrudan da əgər tamaşaçını güldürmək istədiyin məqamda gülürsə, aktyor üçün bundan böyük xoşbəxtlik ola bilməz. Tamaşaçılar məni ilk dəfə belə bir xarakterik obrazda gördülər. Halbuki bu vaxta qədər oynadığım rolların hamısı çox ciddi rollar olub. Buna görə də mənim çiynimə çox ağır yük düşmüşdü. Birinci premyerada isə tamaşaçıların verdikləri reaksiya və alqışlar sayəsində bu rolun da öhdəsindən gələ bildiyimi anladım. Mən bütün tamaşaçılarımızı “Fiqaronun toyu” tamaşasına dəvət edirəm”.

Süzanna rolunun ifaçısı Aydan Həsənzadə: “Tamaşa tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. Biz zaldan çox gözəl enerji alırdıq. Çünki tamaşaçılar bizimlə bir yerdə idi, bizimlə birlikdə gülürdü, əylənirdi. Tamaşaya hazırlıq 7 aya yaxın çəkdi. Bu, böyük bir əsərdir, həmçinin çətindir və gənc aktrisa olaraq mənə də əvvəldə çox çətin gəlirdi. Çünki mən teatra yeni gəlmişəm. Bir ilimin tamamında ilk böyük baş rolumu ifa etdim. Bu obrazı mənə həvalə etdiyinə görə Nicat müəllimə çox təşəkkür edirəm. Çətin idi, amma düşünürəm ki, öhdəsindən gəldik. Tamaşaçılarımız çoxdan idi belə əylənmirdilər, belə komediya izləmirdilər. Yəqin ki, gələn mövsümdən tamaşa hər ay nümayiş olunacaq. Bir daha izləyən, gözəl sözlər söyləyən hər kəsə təşəkkür edirik”.

"Toy"un sonunda bir təşəkkür
“Toy”un sonunda bir təşəkkür

Xatırladaq ki, Volfqanq Amadey Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Tamaşanın rollarını Əməkdar artistlər Kəmalə Müzəffər, İlham Əsədov, Rasim Cəfər, Sevinc Rzayeva, Elnur Hüseynov, aktyorlar Manaf Dadaşov, Sənan Kazımov, Bəhram Həsənov, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Aydan Həsənzadə, Təhminə Məmmədova, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Fəridə Qurbanova, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramil Məmmədov, Anar Seyfullayev, Anar Səfiyev, Aydın Dəmirov, Mətləb Abuşov, İlhan Sadıqov, Tahir İsmayılov oynayıb.

Mission News Theme by Compete Themes.