Press "Enter" to skip to content

Kölgəlicə qaba ağacın kəsilməsin, qan kimi axan görklü suyun qurumasın

Kollaj

Son yeniləmə: 1 İyul 2024 10:29

Yaxud ağaca, suya, dağa, daşa, ümumilkdə təbiətə münasibət bizim qədim dastanlarımızda öz əksini tapıb

BAYRAQDAR MEDİA – Yəqin, oxucular məqaləyə niyə belə başlıq qoyduğumuzun təsadüfi olmadığını bildilər. Çünki söhbət hazırda insan oğlunun ən çox üzləşdiyi problemlərdən biri, bəlkə də birincisi olan ekoloji problemlərdən gedir. Ekoloji problemlərdən bəhs edən yazıya qədimlərdən gələn el alqışını başlıq qoymağımız isə səbəbsiz deyil.

Təbii fəlakətlər erası

Ümumiyyətlə insanlar daha geniş sahələrə yayıldıqca, bəşəriyyət daha çox inkişaf etdikcə ekoloji problemlər də çoxalıb. O qədər çoxalıb ki, artıq ekoloji problemlərin yaratdığı təbii fəlakətlər erasına qədəm qoyduğumuzun fərqindəyik.

Bir zamanlar öz həris, “daha çox şeyə nail olmaq” xislətini, belə deyək ki, “doydurmaq” üçün əvvəl kol-kosları, cəngəllikləri, arxasınca isə qalın ağaclarla zəngin meşələri, bol sulu çayları yox edən Adəm övladı, sonradan artıq kosmosa “əl uzatdı”.

Təbii fəlakətlərlə bağlı kollaj
Təbii fəlakətlərlə bağlı kollaj

İnsanlıq Allahın bizə bəxş etdiyi Günəşi, açıq səmanı, gecələrimizi işıqlandıran Ayı süniləşdirmək kimi təhlükəli arzuya düşüb. Bu isə Yer kürəsini yox olmaq təhlükəsi ilə üzləşdirib. Bunu görən insan oğlu sanki həmin qlobal problemlərin daha da böyüməməsi üçün hərəkətə keçib.

Əksər ölkələr ekoloji problemlərin həllinə yanaşmada səmimi mövqe sərgiləmir

Sanki ona gorə qeyd edirik ki, insan oğlu bu gün əslində özünü qorumaq üçün hərəkətə keçib. Çünki əksər ölkələr ekoloji problemlərin həllinə yanaşmada heç də səmimi mövqe sərgiləmir. Onlardan fərqli olaraq isə Azərbaycan bəşəriyyətin ekoloji problemlərinin həlli üçün davamlı addımlar atır. Bunun nəticəsidir ki, COP29 kimi nüfuzlu beynəlxalq tədbirə sədrlik və evsahibliyi ölkəmizə həvalə edilib.

Biz Azərbaycanın bəşəriyyətin ekoloji problemlərinin həllinə, “yaşıl enerji”dən istifadəyə sadiqliyini qeyd etməklə, digər bir məsələyə də diqqəti yönəltmək istəyirik. Söhbət işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasi elan olunması, bu istiqamətdə mühüm addımların atılmasından gedir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində eşitdiyimiz fikirlər və Zəngilan, o cümlədən Laçında müşahidə etdiyimiz məqamlar da bu sahədə atılan addımların bəhrəsindən xəbər verirdi. Bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyik.

ADY işğaldan azad olunmuş ərazilərdə “yaşıl” iqtisadiyyata keçid, o cümlədən COP29 çərçivəsində maraqlı tərəflərlə əməkdaşlıq edir

Hələlik isə qeyd edək ki, Zəngilana gedərkən yolboyu həm də uzanan və yeni tikilən dəmir yolu xətləri, o dəmir yolu xətlərinin ətrafında salınan yaşıllıqları da müşahidə etdik. Elə buradan yola çıxaraq bildirək ki, bir çox qurumlar kimi “Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) də istər ekoloji cəhətdən təmiz dünya üçün mübarizədə, istərsə də işğaldan azad edilmiş əraizlərdə aparılan tikinti-quruculuq işlərində on sıralarda gedir.
Məsələn, ADY-nin Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bir müddət öncə mediaya müsahibəsində qeyd etmişdi ki, bu sırada Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi xüsusi önəm kəsb edir. Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 13 mart 2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Bildirilmişdi ki, dəmir yolu xəttinin layihələndirilməsi 81 faiz yerinə yetirilib və layihənin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

ADY mütəmadi olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirir
ADY mütəmadi olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirir

ADY eyni zamanda işğaldan azad olunmuş ərazilərdə “yaşıl” iqtisadiyyata keçid, o cümlədən COP29 çərçivəsində maraqlı tərəflərlə əməkdaşlıq edir, təşəbbüsləri stimullaşdırır. ADY-nin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun mediaya müsahibəsində qeyd etdiyi kimi keyfiyyətli təmir və texniki xidmət öz növbəsində tullantıları azaltmağa və nəqliyyat vasitələrinin ətraf mühitə uyğunluğunu yaxşılaşdırmağa kömək edir ki, bu da ADY-nin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməsi baxımdan mühüm məsələdir: “Qeyd etmək istəyirəm ki, “Yaşıl dünya naminə həmrəylik ili” istiqamətində Biləcəri və Gəncə lokomotivlərin təmiri depolarında ümumilikdə 762 ədəd günəş paneli quraşdırılıb və sözügedən depoların işıqlandırılma, həmçinin isti su təminatında artıq bu panellərin xidmətindən uğurla istifadə olunur”.

Başqa bir məqam isə ondan ibarətdir ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə (ESG) prinsiplərini əsas götürür. Məhz bu kontekstdə ADY mütəmadi olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirir.

İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı uğurlu layihələr icra edilir

Beləliklə, qayıdaq 24-25 iyun tarixlərində Zəngilanda keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində Zəngilan və Laçında “yaşıl enerji”yə keçidlə bağlı müşahidə etdiyim məqamlara və səsləndirilən fikirlərə. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbirdə çıxışı zamanı bildirdi ki, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı, o cümlədən biomüxtəlifliyin bərpası istiqamətində bir sıra uğurlu layihələr icra edilir. Bütün bunlar isə ölkəmizin dünyada qlobal iqlim dəyişmələri ilə mübarizə işinə müsbət töhfəsini verir, həmçinin COP29-un məqsədlərinə nail olunması işinə də dəstək göstərir.

Zəngilan SES
Zəngilan SES

Konkret olaraq Zəngilana gəlincə, bildirildi ki, Zəngilan şəhərində Oxçuçay üzərində ümumi gücü 42 MVt olan 4 ədəd kiçik su elektrik stansiyası qurulub. Bu da Zəngilan şəhərinin alternativ enerji ilə təminatına imkan verir. Yeri gəlmişkən, Zəngilan yeganə rayondur ki, ərazisindən dörd çay keçir. Hazırda bu çaylardan səmərəli istifadə edilir. Həmçinin Zəngilanda 100 mindən çox ağac əkilib. Təkcə bu il 50 min ağacın əkilməsi nəzərdə tutulur.

Laçında günəş panelləri, Zəngilanda enerji doldurma məntəqəsi

V.Hacıyevin sözlərinə görə, ərazi günəşli günlərin sayına görə xüsusilə fərqlənir. Bu da tikilən bütün evlərdə, inzibati binalarda günəş panellərindən geniş istifadəyə imkan verir.

Laçında fərdi yaşayəş evi üzərində qurulan günəş paneli. Foto müəlifindir
Laçında fərdi yaşayəş evi üzərində qurulan günəş paneli. Foto müəlifindir

Elə biz də tədbir çərçivəsində Zəngilan və Laçında olarkən işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində necə inamlı və geniş addımların atdığının şahidi olduq. Eyni zamanda, Laçında artıq insanların məskunlaşdığı fərdi evlərdə də günəş panellərinin qurulduğunu gördük və onu fotoyaddaşa həkk etdik.

Düzü, həmin evlər üzərində gördüyüm günəş panelləri məni xeyli qürurlandırdı. Çünki uzun illər öncə Kuzey Kıbrıs Türk Cümhiryyətində, daha sonra isə Denizli, və Antalyada fərdi yaşayış evlərinin üzərində həmin panelləri görərkən təəccüblənmiş, bunun nəyə yaradığını soruşanda isə aldığım cavabdan xeyli təsirlənmişdim. Çünki həmin yerlər kimi Azərbaycanda da günəş enerjisi bol olurr və ölkəmizdə də fərdi evlərin üzərində günəş panellərin qurulmasını səbrsizliklə gözləyirdim.

 

Zəngilanda enerji doldurma məntəqəsi. Foto müəllifindir
Zəngilanda enerji doldurma məntəqəsi. Foto müəllifindir

“Yaşıl enerji”dən söz düşmüşkən, bu istiqamətdə atılan növbəti addımlardan biri də enerji doldurma məntəqlərinin quraşdırılmasıdır. Məlumat üçün bildirək ki, “COP 29” ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin (EDM) zəruri infrastrukturunun yaradılması və həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi çərçivəsində işlər aparılır. Elə gələcəkdə “yaşıl enerji” zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda EDM-lərin quraşdırılması bu layihələrin davamıdır. Biz Zəngilanda olanda belə bir məntəqələrdən birini müşahidə etmək imkanı qazandıq. Təqdim etdiyimiz yazıya əlavə edilən fotoda da həmin məntəqə əks olunub.

Yazının sonunda isə Prezident İlham Əliyevin iyunun 21-də “Euronews” televiziyasında yayımlanan müsahibəsindən bir məqamı qeyd etməyi vacib bildim. Həmin müsahibəsində dövlət başçısı bildirib ki, ölkəmizin “yaşıl enerji”yə keçid etməsi üçün zəruri imkanları var. Dövlət başçısı onu da deyib ki, ölkəmizin “yaşıl enerji” sisteminə keçid proqramı barədə deyilənlər kampaniya xarakteri daşımır, siyasi konyunkturaya əsaslanmır. Azərbaycan ənənəvi enerji istehsalında olduğu kimi, “yaşıl enerji” sahəsində də aparıcı ölkələrdən biri olmağa iddialıdır və bu yolda planlı addımlar atır.

“Ədibin Evi”ndən COP29-a ədəbi baxış

Bəli, ölkəmizin “yaşıl enerji” sisteminə keçid proqramı barədə deyilənlər kampaniya xarakteri daşımır, eyni zamanda təbiətə, ekologiyaya, dayanıqlı inkişafa xoş yanaşma həm də milli və dini köklərimizdən gəlir. Hər halda Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun “COP29 silsilə mühazirələri” çərçivəsində edilən iki çıxış da deyilənləri təsdiqləyir.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun “COP29 silsilə mühazirələri”
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun “COP29 silsilə mühazirələri”

Məsələn, “Kitabi-Dədə Qorqud” dastanı türk insanının təbiətlə qurduğu münasibətlər barədə nələri açıqlayır?” mövzusunda çıxış dən filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla vurğulayıb ki, dastanda təsvir edilən qəhrəmanların təbiətlə vəhdət halında, onun rənglərini öz həyatlarına yansıdaraq yaşadıqları aydın şəkildə görünür. Bu isə Azərbaycan xalqının nəinki müasir, hətta qədim dövrdə belə ətraf mühitin qorunmasına həssas və məsuliyyətlə yanaşdığının bariz nümunəsidir.

Professor Dədə Qorqudun alqış və arzularda istifadə etdiyi ifadələrdə təbiətin insan üçün əhəmiyyətinə diqqət çəkdiyini, bununla da bütün canlılar, o cümlədən su, hava və ağac arasında olan qırılmaz bağın göstərildiyini bildirib. Bu sırada “Kölgəlicə qaba ağacın kəsilməsin”, “Qan kimi axan görklü suyun qurumasın” kimi alqışlar misal çəkilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, ağaca, suya, dağa, daşa, ümumilkidə təbiətə münasibət bizim qədim dastanlarımızda öz əksini tapıb.

Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi, ADA Universitetinin professoru Nəriman Qasımoğlu isə “İslam dini ətraf mühitin mühafizəsi ilə bağlı bizə nə buyurur?” mövzusunda məruzəsində dini baxımdan təbiətə münasibətə aydınlıq gətirib. Quran-i Kərimin ayələrinə istinad edən professor təbii nemətlərdən yalnız ən zəruri ehtiyacların ödənilməsi üçün qədərində istifadə edilməsini qeyd edir. O, israfçılığa yol verməməyin, təbii resurslardan səmərəli istifadənin əhəmiyyəti, insanın ətraf mühitə münasibəti və təsiri ilə bağlı müxtəlif mövzulardan ətraflı bəhs edib.

Yuxarıda sadalananlar ümumilikdə ortaya vahid bir mənzərə qoyur. Azərbaycan dövləti və xalqı ekoloji problemlərə, dünyanın üzləşdiyi qlobal bəlaya yanaşmada etinasız münasibət sərgiləmir. Əksinə biz bu problemlərin heç olmasa daha da genişlənməsinin qarşısını almaq üçün atılan addımlara dəstək verir, bəzən isə özümüz bu addımların təşəbbüskarı oluruq. Bunun kökündə də tarixi qədimlərə söykənən milli və dini dəyərlərimiz, həmçinin hazırda dövlət rəhbərliyinin iradəsi dayanır.

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur” 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.