Son yeniləmə: 1 İyul 2024 09:17
BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir 2024-cü ilin 1-3 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək Yaşıl Enerji Keçidi Konqresi və Sərgisində iştirak edəcək: “Tədbir çərçivəsində energetika nazirinin “İnkişaf etməkdə olan iqtisadiyyatların iqlim hüquqları: COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair fikirlər” adlı sessiyada çıxışı və “Enerji keçidi üzrə davamlı beynəlxalq fəaliyyətlər” adlı panel müzakirələrdə iştirakı, eləcə də ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur”.
Qeyd edilib ki, Yaşıl Enerji Keçidi Konqresi müxtəlif ölkələrdən, təşkilat və şirkətlərdən iştirakçıların bir araya gəldiyi və enerji keçidinin sürətləndirilməsi ilə bağlı müzakirələrin aparıldığı platformadır.