BAYRAQDAR MEDİA – İsveç vətəndaşı olan və Tehranın Evin həbsxanasında edam hökmü altında yaşayan Güney Azərbaycanlı Prof. Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehrannia bəyanat yayıb.
Xəbəri GunAz.TV bəyanat müəllifinin sosial media hesabına istinadla yayıb.
Bildirilir ki, “Vida Mehrannia həyat yoldaşının iyunun 26-dan aclıq aksiyasına əl atdığını və vəziyyətinin ağırlaşdığı barədə narahatlıqların artdığını yazıb”.
Qeyd edilir ki, Azərbaycanlı alim 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib: “2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi onu “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub”.
“Əhmədrza Cəlali iyunun 15-də İran və İsveç arasında gerçəkləşən məhbus mübadiləsində adının siyahıya salınmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb”, – deyə xəbərdə bildirilir.