Press "Enter" to skip to content

Azərbaycanın Quzeyində futbol həyəcanı artır

Açılış zamanı

Son yeniləmə: 30 İyun 2024 22:33

BAYRAQDAR MEDİA – Azərbaycanın Quzeyində – Xaçmaz rayonunda “Xudat City” Futbol Akademiyasının açılış mərasimi keçirilib.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya yeni qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Orucoğlu verib.

Bildirilir ki, iyunun 28-də rayonun Xudat şəhərində əvvəlcə qurumun ofisinin – qərargahının açılışı və tanıtımı olub, qonaqlara gələcək işlər barədə məlumat verilib.

Açılışda AFFA-nın səlahiyyətli nümayəndəsi Yunis Hüseynov Xaçmaz Rayon İcra Hakimiyyəti Xudat Şəhər İnzibati Ərazi Dairəsinin nümayəndəsi Budaq Əliyev, Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov, İspaniyanın “Antiguoko” Futbol Akademiyasının Azərbaycan Respublikasındakı Filialının rəhbəri, UEFA-nın A lisenziyalı mütəxəssisi Zamin Əsədullayev, UEFA-nın pro lisenziyalı məşqçisi, Əməkdar məşqçi Bəhmən Həsənov, Xudat şəhər MKTİ-nin rəisi Şamil Şahbazov və digər qonaqlar iştirak ediblər.

Açılış nitqində “Xudat City” FA-nın direktoru Rafael Axverdiyev və direktor müavini Nadir Xosrovoğlu yeni qurum və futbol klubu haqqında qonaqlara və futbolçulara ətraflı məlumat verib.

Budaq Əliyev isə öz növbəsində ölkə başçısı tərəfindən idmana xüsusi diqqət, qayğı göstərilməsi, belə akademiyaların fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edib, həmçinin buradakı uşaqların Azərbaycan futbolunun inkişafına töhfə verəcəklərini vurğulayıb.

Zamin Əsədullayev, Bəhram Həsənov və Elman Məmmədov da çıxış edərək Akademiyanın önəmindən bəhs edib, ölkə Prezidenti tərəfindən daim idmana, futbola diqqət yetirildiyini bildirib. Bildirilib ki, hər bir sahədə olduğu kimi futbolun da gələcəyi gənclərdən və uşaqlardan asılıdır və bugünkü uşaqların sabah milli komandanın üzvləri olacaqları şübhəsizdir.

Çıxışçılar Akademiyanın formalaşması üçün əllərindən gələni edəcəklərini bildirərək uğurlar arzulayıblar.

Rəsmi çıxışlardan sonra rayonun Qoçaqlı kəndində “Xudat City” futbol klubu ilə Qusar rayonunun “Şirvanovka” futbol klubu arasında açılışa həsr edilmiş yoldaşlıq oyunu keçirilib. Oyundan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda dünyasını dəyişmiş şəhidlərin xatirəsini sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mission News Theme by Compete Themes.