BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Azərbaycan ekologiyası” adlı yeni nəşr işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “təqdim edilən biblioqrafik göstərici Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sitatları, ölkə başçısının Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı ilə başlayır. “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olan sözügedən vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, elmi redaktoru MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, tərtibçisi MEK-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktorları kitabxananın Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır”.
Sonra xəbərdə bildirilir ki, “göstəricidə ətraf mühit məsələləri ilə bağlı dəyərli nəşrlər – kitab və məqalələr, avtoreferatlar xronoloji qaydada, əlifba sırası ilə qruplaşdırılıb. Biblioqrafiyada müxtəlif illərdə dərc edilmiş, 915-i Azərbaycan, 258-i rus, 14-ü digər dillərdə olmaqla kitab, monoqrafiya, dərslik və dərs vəsaitləri, 1 min 260-ı Azərbaycan, 156-sı rus, 6-sı digər dillərdə olmaqla, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələr, 306-sı Azərbaycan, 72-si rus, 2-si digər dillərdə olmaqla dissertasiya və avtoreferatlar əksini tapıb”.
Göstərici ekologiya və əlaqəli sahələrdə fəaliyyət göstərən elmi işçilər, doktorantlar, tələbələr və digər mütəxəssislər üçün qiymətli mənbədir.