BAYRAQDAR MEDİA – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 28,5 km uzunluğda Qubadlı-Eyvazlı avtomobil yolunun inşasını uğurla və yüksək keyfiyyətlə davam etdirir.
Bu haqda sözügedən Agentliyin yaydığı xəbərdə deyilir.
Yol 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir.
Xəbərdə deyilir ki, ““Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi” layihəsinə uyğun olaraq çətin relyefli dağlıq ərazilərdə öncə servis yolları salınır, daha sonra xüsusi texnikaların köməyi ilə pnevmatik çəkiclərdən istifadə edilməklə qırıcı üsulu ilə qaya süxurları dağıdılaraq yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir”.
Bildirilib ki, “digər ərazilərdə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün qazma, əks dolğu, dağ yamaclarının kəsilərək və layihə səviyyəsinə gətirilərək yeni yol yatağının inşası icra olunur. Yol yatağının profilə salınması və dolğu işləri artıq son mərhələ üzrə aparılır. “İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yol əsasının tikintisi istiqamətində işlər aparılır. Lazımi qruntdan istifadə olunmaqla lay-lay kipləşdirilən yol əsasının tikintisi artıq yekunlaşmaq üzrədir”.
Yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib: “3 laydan ibarət olacaq asfalt-beton örtüyünün 250 min kv.metrdən çox əraziyə döşənməsi nəzərdə tutulub. Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb. Dağlıq relyef nəzərə alınaraq, suötürücü boruların diametri 1250 mm və 1500 mm təşkil edir. Bundan başqa layihə boyunca 16 km uzunluğunda drenaj sistemi də inşa edilir”.
Məlumata görə, layihə üzrə zəruri yerlərdə düzbucaqlı su keçidləri, yolun 9-cu kilometrində 6×12 m və 24-cü kilometrində 5×12 m ölçülərində körpü tipli müxtəlif təyinatlı düzbucaqlı alt keçidləri, yolun 2,5-ci kilometrində 122.4 metr uzunluğa malik 4 aşırımlı və 21-ci kilometrində 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüləri, həmçinin 1 qovşaq da inşa olunub.
Qeyd edək ki, Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.