Avropa Birliyinin (AB) türk dövlətlərinə marağı son zamanlar artmaqdadır.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “türk dövlətlərinin təbii qazı, yeraltı sərvətləri və geosiyasi mövqeyi dəyişən qlobal düzəndə dünya dövlətlərinin mərkəz nöqtəsinə çevrilir. AB Xarici Əlaqələr Xidmətindən verilən açıqlamaya görə, AB ikitərəfli əlaqələri gücləndirmək məqsədilə Qırğızıstanla Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (EPCA) imzalayıb”.
Məlumata görə, imzalanma mərasimi Prezident Sadır Japarovun iyunun 26-da Belçika Krallığına işgüzar səfəri çərçivəsində Brüsseldə olub: “Sazişi Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, AB-nin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis imzalayıb. Saziş çərçivəsində ticarət, investisiya, davamlı inkişaf, tədqiqat, innovasiya, təhsil, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, o cümlədən qanunun aliliyi, insan hüquqları və vətəndaş cəmiyyətinin iştirakı sahələrində əməkdaşlıq olacaq”.
Qırğızıstanla AB arasında sonuncu saziş 1999-cu ildə imzalanıb.