Press "Enter" to skip to content

Bir qatilə möhtac olan radikal müxalifət… – VİDEO

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Mövzunu qapatmaq da olardı. Çünki bu haqda dərhal videopaylaşım edərək Azərbaycan polisinə silah tuşlayan xainlə bağlı fikirlərimi dilə gətirmişdim. Qısa müddətdə videoya 250 min baxış olmuşdu.

Diqqətimi çəkən o idi ki, əsasən dövlətin və polisin qanuni hərəkətlərini təqdir edənlər fikirlərini yazırdı. Amma sonra nə oldusa, sanki kimsə düyməyə basdı, hər cür atıntı o videonun altında ağzına və ağlına gələni yazaraq həm məni, həm də vəzifə borcunu vicdanla yerinə yetirən polisləri təhqir etməyə girişdi.

İki gün sonra bu ünsürlərə cavab videosu da yayımlamalı oldum. O video da ilgi görür, artıq 20 mindən çox baxışı var. Şərhlər yazılır, yenə də o söyüşçü çete iş başındadır…

Belə bir durum təsadüfdürmü? Yəni vəzifəsini yerinə yetirərkən humanizm sərgiləmiş 3 polis əməkdaşının bir şərəfsiz qatil tərəfindən öldürülməsinə doğrudanmı cəmiyyətimiz haqq qazandırır?

Şərhlərə baxanda, elə görünə bilər. Amma o şərhləri yazanların əksəriyyəti gizli ad altındadır. Hələ Azərbaycandan kənarda olanları demirəm.

Bəs nə baş verdi ki, belə bir hərəkətlənmə oldu?

Səbəbi özümə də bəllidir. İstərdim o səbəbi dəyərli oxucularımızla da paylaşım.

Bu çirkin kampaniyanı məlum qaragüruh – xaricdə gizlənən, bəzən də daxildən onlara qaz verən radikal müxalifət körükləndirdi. Bəli, məhz belə!

Təsəvvür edirsiniz, bu adamlar göz görə-görə vəzifə başındakı polisi öldürən, dəfələrlə məhkum edilmiş, zərərsizləşdirildiyi anda da 1,5 milyon manatlıq dələduzluğa görə axtarışda olan qatili qəhrəman kimi təqdim edirlər!

Bu ünsürlərin paylaşımlarına baxıram! Polisləri öldürən cinayətkar haqqında danışanda onun qanunsuz əməlləri barədə bir kəlmə də demirlər!

Elə təqdimat edirlər ki, sanki polislər durub-durduğu yerdə bir günahsız vətəndaşın evinə basqın edib, o da ailəsini qorumaq üçün silaha əl atmaq məcburiyyətində qalıbmış!

Hələ yalandan iddia edirlər ki, bu qatil kişi adamdır, zalım polislər onun anasına gözü qarşısında işgəncə veribmiş, o da dözməyərək polisləri öldürüb!

Bu yalanları tirajlayanlar utanmadan, qızarmadan və havadan danışırlar!

Yəni bu adamlar biz Azərbaycanlıların milli-mənəvi dəyərlərini istismar edərək bilgisiz vətəndaşları bu yolla aldadırlar!

Məqsəd də odur ki, vətəndaşı polisdən – dövlətdən narazı salsınlar!

Məqsəd də odur ki, suyu bulandırıb balıq tutsunlar – öz çirkin siyasi iddialarına yaxınlaşa bilsinlər!

Məqsəd də odur ki, Azərbaycandakı sabitliyi baltalasınlar, vətəndaşları qorxu altında tutsunlar!

Bütün bunların fövqündə əsas məqsəd isə illər sonra öz torpaqlarını Ermənistanın işğalından azad etmiş Azərbaycan dövlətini gözdən salmaqdır!

Bunların məqsədləri çirkindir, iyrəncdir özləri kimi!

Bir də düşünürlər ki, bizim kimi canıyla, qanıyla dövlətə bağlı olan insanları bu yolla – təhqir-söyüşlə meydandan çəkindirə bilərlər!

Bunlar o qədər əxlaqsız, şərəfsiz, heysiyyətsiz adamlardır ki, milli-dövlət maraqlarına xidmət edən hər kəsi, o cümlədən də bizi daim belə basqı altında tutmağa çalışırlar.

Amma bir şeyi unudurlar: biz illərdir beynəlxalq platformalarda işğalçı ermənilərə, onların havadarlarına sinə gərmiş adamlarıq! Üstümüzə kimlər gəlmədi ki, on illər ərzində? Hamısının cavabını verdik, dik duruşumuzu da qoruduq!

İndi bu söyüşçü küçə adamları – cinayətkar ünsürlər və onların arxasına sığınaraq “bəlkə bu dəfə alındı” havasında olan antimilli radikal müxalifətin qarşısındanmı çəkiləcəyik?

Əsla!

Haqq bildiyimizin – dövlətimizin arxasındayıq!

Canı bahasına da olsa cinayətkarlıqla mübarizə aparan polisimizin yanındayıq!

Heç kim bizi yolumuzdan döndərə bilməyib, bilməyəcək də!

Sonda: İyunun 24-də məlum olayda 1 kapitan 2 çavuş olmaqla 3 polisin öldürülməsi onların özlərinin humanizmi üzündən baş verib. Məlum qatil onları aldadaraq ailə-uşağının arxasında gizlənib, anasını belə sipər edərək polislərin silah buraxmasına nail olub. Bundan sonra isə silahsız polisləri yaxın məsafədən güllələyib. Səsə çıxan qonşunu da eyni qaydada öldürüb. Yəni bir Azərbaycan kişisinə yaraşmayacaq şərəfsizlik edərək həm özünün, həm də daha 4 nəfərin ömrünə son qoyub bu qatil! İndi belə bir adamı qəhrəman kimi təqdim edən və siyasi müxalifət olduğunu iddia edənlərə nə ad verək? Hələ o qatilə haqq qazandırıb polisləri öldürməyə çağıranlara nə deyək? Radikal müxalifət niyə bir qatilə möhtac duruma düşdü görəsən?..

Lap sonda: İllərdir TV kanalları üzümə qapalıdır. Orada boy verən bəzi “politoloqlar” isə millətin gözünü qabar edib. İndi baxıram ki, o “politoloqlar”ın əksəriyyəti Azərbaycan polisini öldürən qatillə bağlı ya danışmaq istəmir, ya da çox ütülü danışır…

Mission News Theme by Compete Themes.