BAYRAQDAR MEDİA – İyunun 25-də Sumqayıt Dövlət Dram Teatrında (SDDT) Mədəniyyət Nazirliyi və sözügedən Teatrın birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Bildirək ki, tamaşa 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə, eyni zamanda qazilərin, müharibə veteranlarının qəhrəmanlığına ithaf olunub. Səhnə əsərində Azərbaycan xalqının dəmir yumruq ətrafındakı birliyi, bütövlüyü, Ali Baş Komandanın xalqa verdiyi xeyir xəbərlər əksini tapıb, Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyəti göz önünə gətirilib.
Premyeradan sonra tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə BAYRAQDAR MEDİA ilə fikirlərini bölüşüb: “Qeyd edim ki, bu tamaşa mənim ilk işim idi və düşünürəm ki, başlanğıcda yaxşı bir işə imza atdım. Tamaşada əsas istəyim real həyat həqiqətlərindən çıxış etmək idi. Məni bir şey düşündürürdü ki, şəhid ailələri bu tamaşanı necə qarşılayacaqlar. Amma onların sonda səhnəyə çıxmaları, mənə ürəklərindən gələn sözləri ifadə etmələri, təşəkkürləri, hətta “bu tamaşada biz özümüzü gördük, sanki sən özün şəhid ailəsindən çıxmısan. Bizim bütün ağrılarımızı, əzablarımızı ən xırda detalına qədər çatdırmısan” sözləri məndə qəribə hisslər yaratdı və tamaşanı necə bəyəndiklərinin şahidi oldum. Düşünürəm ki, belə bir işə imza atmağım ailəm, millətim, dövlətim qarşısında borcum idi. Bildirim ki, biz Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü mədəniyyət siyasətinin davamçısı olaraq bütün bu layihələri həyata keçiririk. Nə xoş mənə ki, özüm də bu mədəniyyət siyasətinin bir parçası oldum”.
Rejissor ilk səhnə işində ona dəstək olanlara təşəkkürünü bildirib: “Mən tamaşanın ərsəyə gəlməsində dəstəyə görə mədəniyyət nazirimiz cənab Adil Kərimliyə dərin təşəkkürümü bildirirəm. Eləcə də Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyevə, Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmova, Əməkdar incəsənət xadimi Əli Əmirliyə və Teatrın bütün kollektivinə yanımda olduqları, mənə güvəndikləri üçün minnətdarlığını bildirirəm. Onların inamı sayəsində belə bir uğurlu işə imza atdım. Bir daha hər birinə çox təşəkkür edirəm və bildirim ki, tamaşa sentyabrdan sonra mütəmadi olaraq Sumqayıt Dövlət Dram Teatrının repertuarında olacaq. Arzu edənlər buyurub gəlib baxa bilərlər”.
Məlumat üçün bildirək ki, gənc və istedadlı rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsində rejissorluq ixtisasına yiyələndikdən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə təhsilini qardaş Türkiyədə davam etdirib. O, İstanbul Universiteti Dövlət Konservatoriyasında teatr sənəti üzrə magistr təhsili alıb, “K.Stanislavski ve V.Meyerholdun Oyunculuk Yöntemlerinin Karşılaştırmalı İncelemesi” adlı dissertasiya müdafiə edib. Eyni zamanda onun Türkiyədə yayımlanan Uluslararası Eğitim Bilimleri Dergisində “Stanislavskinin Oyunculuk Eğitiminde Karakter Yaratımı Yöntemi” adlı elmi araşdırmalara əsaslanan məqaləsi akademik hakimlər tərəfindən incələnib, qəbul edilərək yayımlanıb.
Xatırladaq ki, tamaşanın bədii rəhbəri F.Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, qrafika və montajçısı Sahil Nəzərov, rejissor assistentləri Fazilə Rzayeva və Ləman Məmmədovadır. Səhnə əsərində Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Siyavuş Mahmudov, Akif Mirzəyev, Şəmistan Süleymanlı, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova və digərləri çıxış edir.