BAYRAQDAR MEDİA – İyunun 27-si Azərbaycanda türk dilinin dövlət dili elan edilməsinin 106-cı ildönümünə təsadüf edir.
1918-ci il iyunun 27-də yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski yeni dövlətin dilinin türkcə olması haqqında qərarı imzalayıb.
Qərarla türkcəni bilən yetərincə məmur olmadığı halda müvəqqəti olaraq ruscanın da işlədilməsinə icazə verilib: “Dövləti lisan türk dili qəbul edilərək, ilərüdə bütün məhkəmə, idare-i-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”.
Yeri gəlmişkən, türkcə sonrakı mərhələdə Azərbaycanda mövqelərini yetərincə möhkəmlədə və gerçək bir dövlət dili ola bilmişdi. Hətta Rusiyanın Azərbaycanı 1920-ci ilin 28 aprelində yenidən işğalından sonra da bu dil ayaqda tutuldu, inkişaf etdirildi. Lakin velikoros şovinizmi dünya türkləri arasında bağları qoparmaq üçün türkcəni “Azərbaycan dili” olaraq adlandırdı.
Düzdür, ad dəyişikliyi bu dilin türkcə mahiyyətini dəyişə bilmədi. Hətta Sovet-rus işğalı dövründə belə Azərbaycan xalqının yaddaşında ortaq türk kimliyi qorundu, dili də inkişaf etdirildi.
1991-ci ildə Azərbaycan Sovet-rus işğalından azad edildikdən sonra yenidən türkcə dövlət dili kimi elan edildi. Lakin o dövrün bəzi siyasi təbəddülatlarını nəzərə alan Ulu öndər Heydər Əliyev dövlət dilinin “Azərbaycan dili” adlandırılmasının düzgün olacağına qərar verdi. Bununla da 1995-ci ilin noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında dövlət dili “Azərbaycan dili” olaraq yerini aldı.
İndi isə Azərbaycan bir çox problemlərini həll edib, ən çətin mərhələlər geridə qalıb. Ona görə də dövlət dili ilə bağlı məsələyə yenidən baxmağın əsl vaxtıdır. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət dili ilə bağlı qərarını da gerçəkləşdirməkdən çəkinməməlidir.
Dilimiz türkcədir, dövlət dilimizin türk dili adlandırılması artıq günün tələbinə çevrilmişdir. Hələ nəzərə alaq ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas dövlətlərindən biri kimi ortaq türk kimliyinin əsas daşıyıcısıdır.