Son yeniləmə: 27 İyun 2024 10:53
BAYRAQDAR MEDİA – 27-28 iyun tarixlərində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa və Ağdamda 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “məqsəd sahibkarlıq subyektlərinəQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir”.
Məlumata görə, iş adamları Qarabağa səfər çərçivəsində Ağdam Sənaye Parkında yaradılmış şərait, rezident müəssisələr, həmçinin Şuşa və Xankəndi şəhərlərində iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmini məqsədilə aparılan yenidənqurma işləri, infrastrukturla əyani tanış olacaqlar: “Şuşada keçiriləcək tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunangüzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunacaq. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim ediləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlər keçiriləcək”.