Son yeniləmə: 27 İyun 2024 09:59
BAYRAQDRA MEDİA – Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycanın Polşadakı hərbi attaşelik aparatının dəstəyi ilə Varşavada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü qeyd olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfrilikdən məlumat verilib.
Bildirilib ki, “tədbirdə Polşa-Azərbaycan dostluq qrupunun sədr müavini Barbara Bartuş, Varşavanın Cənubi-Praqa rayonunun merinin müavini Piotr Jbikovski, Polşa Seymi, Xarici İşlər Nazirliyi, Baş Qərargahının nümayəndələri, Varşava Universitetinin təmsilçiləri, türkoloq alimlər, ziyalılar, Azərbaycan diasporunun nümayəndələri və Səfirliyin əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində həm Azərbaycan, həm də Polşa qəhrəmanları olan polkovnik Vəli bəy Yadigar və general MaçeySulkeviçin abidəsi önünə Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan dostluq qrupu, Varşavanın Cənubi-Praqa rayonunun rəhbərliyi, Seymdə Hüquq və Ədalət partiyasının fraksiyası və Azərbaycan diasporu adından əklil və gül dəstələri qoyulub”.
Məlumata görə, mərasimdə çıxış edən səfir Nərgiz Qurbanova 1918-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin – Milli Ordunun yaradılması tarixindən bəhs edib. Səfir qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il tarixli fərmanı ilə 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü elan edilərək hər il təntənə ilə qeyd olunur: “Ulu öndərin dövlətçilik məktəbinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin misilsiz səyləri ilə silahlı qüvvələrimiz daha da güclənib və dünyanın ən güclü ordularından birinə nail olunub”.
Səfir ötən illər ərzində Azərbaycanın özünü etibarlı beynəlxalq tərəfdaş kimi sübut etdiyini vurğulayıb.
Əlavə olunub ki, Azərbaycan zabitləri dünyanın bir çox ölkəsində, o cümlədən Polşada uğurla təhsil alır və peşəkar hərbçi olaraq yetişirlər.
Səfir Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününün həm Azərbaycan, həm də Polşa üçün əziz olan iki qəhrəman hərbçi – polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin abidələrinin ucaldığı Varşavanın Polinski parkında qeyd edilməsinin rəmzi mahiyyətini diqqətə çatdırıb: “Xatırladıb ki, AXC-ninmüstəqilliyinin ilk və çətin illərində əslən Polşa tatarlarından olan, Azərbaycanı özünə Vətən seçmiş General Maçey Sulkeviç Milli Ordunun Baş qərargahının rəisi olub. AXC-nin ilk paytaxtı Gəncədə bolşeviklərə qarşı silahlı müqavimətin təşkilində böyük fədakarlıqlar göstərmiş polşalı zabitlər – polkovnik Dunin-Marçinkeviç, kapitan Klossovski, kapitan Çarneçki, kapitan Pavlovskinin xidmətlərini də unudulmayıb”.
Əlavə olunub ki, 1940-44-cü illərdə “Jelen” (“Maral”) alayını yaradaraq “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olan Vəli bəy Yadigar isə Polşa uğrunda döyüşlərdə öz qəhrəmanlığı və şücaəti ilə seçilib: “Vəli bəy Yadigarla yanaşı, Polşa ordusunda xidmət etmiş digər zabitlər polkovnik İsrafil bəy Məhəmməd (İsrafilov), polkovnik Cahangir bəy Kazım, podpolkovnik İsrafil bəy Yadigarov, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlunun da adları yad edilib”.
Çıxışda 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən də bəhs edilib.
Mərasimdə, həmçinin Polşa-Azərbaycan dostluq qrupunun sədr müavini B.Bartuş, Varşavanın Cənubi-Praqa rayonunun merinin müavini P.Jbikovski çıxış edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıblar.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlara müxtəlif təamlar təqdim olunub.