Son yeniləmə: 28 İyun 2024 10:02
BAYRAQDAR MEDİA – İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tarix üzrə fəlsəfə doktoru, Hacı Nərimanoğlunun müəllifi olduğu “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib.
Tədbiri MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov açaraq Zəngəzur, həmçinin Qərbi Azərbaycan ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən, Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyətindən söhbət açıb. Direktor Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu belə bir zamanda bu tip kitabların ərsəyə gəlməsini yüksək qiymətləndirərək müəllifə təşəkkürünü bildirib. H.Hüseynov həmçinin 30 ilə yaxın bir müddətdə erməni işğalı altında qalan Azərbaycan torpaqlarının ölkə başçısının uzaqgörən siyasəti və qəhrəman Azərbaycan oğullarının şücaəti nəticəsində azad olunduğundan bəhs edərək bu yolda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı diləyib.
Ardınca kitabın müəllifi H.Nərimanoğlu Zəngəzurun Azərbaycan tarixindəki yerindən, önəmindən bəhs edərək qeyd edib ki, Zəngəzur da Şuşa kimi Azərbaycan xalqının qan yaddaşında əzəli, əbədi torpaqdır. Müəllif çıxışı zamanı Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarından ibarət Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması barədə Prezidentin Fərmanını xatırladıb. O, Zəngəzurun ən qədim dövrlərdən Qarabağ xanlığına qədər, Çar Rusiyasının işğalı dövründə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və ondan sonrakı dövrdə də Azərbaycanın tərkibində olduğunu, daha sonra Zəngəzurun tərkibinə daxil olan torpaqların bölünüb Ermənistana verildiyini qeyd edib. H.Nərimanoğlu müəllifi olduğu kitab haqqında danışarkən bildirib ki, nəşr Azərbaycanın 44 günlük zəfəri, işğaldan azad olunmuş torpaqların dirçəlişi və Böyük Qayıdışa həsr edilib. Müəllif kitaba daxil olan hər bölmə haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıraraq nəşrin məqsədinin gəncləri Azərbaycanın qədim torpaqları haqqında maarifləndirməyə kömək etmək olduğunu vurğulayıb. Professor sonda MEK rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, Prof. Abbas Abbasov, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, MEK-in elmi katibi Şəbnəm Rüstəmova çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, müəllifə fəaliyyətində uğurlar diləyiblər.
Qeyd edək ki, sözügedən kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr olunub. Nəşrin elmi redaktorları siyasi elmlər doktoru Fətəli Abdullayev, tarix elmləri doktoru Lətif Babayev, rəyçiləri tarix elmləri doktoru Telman Quliyev, filologiya elmləri doktoru Aytən Bayramova, məsləhətçiləri Prof. Abbas Abbasov, Prof. Qulu Məhərrəmli, Prof. Əliağa Cəfərov, ön sözün müəllifi isə Elm və Təhsil Nazirliyinin (ETN) Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovdur.