BAYRAQDAR MEDİA – 27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilir.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə deyilir ki, “80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumun məqsədi özbək milli maqom sənətinin nadir nümunələrini qoruyub saxlamaq, inkişaf etdirmək və beynəlxalq səviyyədə təbliğ etmək, eləcə də xalqlar arasında dostluğu və yaradıcı əməkdaşlığı genişləndirməkdir. İyunun 27-də II Beynəlxalq Maqom Sənəti Forumunun açılış mərasimi olacaq. Mərasimdə UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Miulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, xarici ölkələrin Özbəkistanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri iştirak edəcəklər. Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. 28-29 iyun tarixlərində həm də Forumun sənətçi iştirakçıları arasında ifaçılıq müsabiqəsi təşkil olunacaq. Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan mütəxəssislərin yer aldığı beynəlxalq münsiflər heyəti ifaçıları “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyaları üzrə qiymətləndirəcək. Qaliblər forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaq”.
Daha sonra xəbərdə “müsabiqənin Qran-pri üçün 15 min ABŞ dolları, I yer üçün (solo ifa və ansambl nominasiyaları) 10 min dollar, II yer üçün (solo ifa və ansambl) 7 min dollar, III yer üzrə (solo ifaçı və ansambl) 5 min dollar məbləğində mükafat nəzərdə tutulub. Bundan əlavə, iştirakçıları dəstəkləmək və həvəsləndirmək məqsədi ilə “Ən yaxşı solist – maqom ifaçısı”, “Ən yaxşı musiqiçi – maqom ifaçısı”, “Maqom sənətində ən yaxşı müəllim”, “Ən yaxşı maqom təbliğatçısı”, “Ən yaxşı gənc maqom ifaçısı” və “Ən yaxşı maqom bəstəkarı” kimi nominasiyalar üzrə iştirakçılar üçün də hədiyyə və mükafatlar təqdim olunacaq. Forum gedişində həmçinin Özbəkistanın 14 regionunun mədəniyyət nümunələrinin yer aldığı pavilyonlarda müxtəlif səpkili sərgilər keçiriləcək. İyunun 30-da II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq” deyə bildirilir.
Qeyd edək ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunmuş və Azərbaycanı təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanmışdı.