Son yeniləmə: 27 İyun 2024 10:42
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kukla Teatrı (ADKT) beynəlxalq miqyasda əlaqələrini genişləndirməkdə davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu çərçivədə qardaş Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı kollektivi 25-28 iyun tarixlərində Azərbaycanda səfərdədir. Teatrın direktoru Usmanatdin Mambetaliyevin başçılıq etdiyi teatr təmsilçiləri səfər proqramına iyunun 25-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayıblar. Sonra teatrda iki sənət ocağının rəhbərinin iştirakı ilə əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub. Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad-dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb”.
Sonra xəbərdə, “bununla yanaşı kadrların – dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur. Əməkdaşlığın əsas istiqamətləri və vəzifələrə gəlincə, müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusi ilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir. Tərəflərin əməkdaşlığı ilə tamaşaların yaradılması layihələrinin perspektiv planına uyğun olaraq prosesə Özbəkistanda azərbaycanlı rejissor, Azərbaycanda isə özbək rejissorun quruluşunda milli dramaturgiya nümunələrindən tamaşaların hazırlanması ilə başlanacaq. Sənəddə yaradıcı kadrların – dramaturqların, rejissorların, rəssamların, aktyorların hazırlanması üzrə birgə tədris layihələrinin həyata keçirilməsi də nəzərdə tutulub” deyə qeyd olunur.
Xəbərdə həmçinin bildirilir “imzalamadan sonra təəssüratlarını bölüşən ADKT-nin direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və onun özbəkistanlı həmkarı Usmanatdin Mambetaliyev teatr, eləcə də yaradıcılıq və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişafı üçün atılan addımların hər birinin kukla sənətinin inkişafı üçün əhəmiyyətli olduğunu dedilər. Bu mənada iki qardaş, dost ölkənin kukla teatrları təmsilçilərinin bir araya gəlməsindən məmnunluqlarını dilə gətirdilər”.
Xatırladaq ki, səfər proqramına uyğun olaraq qaraqalpaqlı kuklaçıların təqdimatında (27 iyun, saat 14.00) ADKT-də “Açıq qapı” günü çərçivəsində “Saray içindəki möcüzə” adlı tamaşa-konsert də təqdim olunacaq.