Press "Enter" to skip to content

Kitab tanıtma: Şəhidlərin oxuduğu kitablardan – “Azərbaycan VII-IX əsrlərdə”

Azərbaycan VII-IX əsrlərdə

Son yeniləmə: 27 İyun 2024 17:53

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondundakı “Şəhidlərin şəxsi kitablarından” adlı guşədə yerləşən nəşrlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun mütaliə etdiyi “Azərbaycan VII-IX əsrlərdə” kitabıdır.

Kitab “Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə” (Bakı, Azərnəşr, 1989) nəşri əsasında təkrar (2007-ci il) nəşrə hazırlanıb. Nəşr həmçinin Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixi sərəncamı ilə nəşr olunub.

Ziya Bünyadovun müəllifi olduğu nəşrdə Azərbaycanın ərəblər tərəfindən istila edilməsi dövrü ilk dəfə tədqiq olunub, onun siyasi və sosial-iqtisadi vəziyyəti, yerli hakimiyyətin Ərəb xilafətinə münasibəti, istilaçılara qarsı xalqın azadlıq mübarizəsi nəzərdən keçirilib, inzibati bölgü, vergi sistemi, kənd təsərrüfatının inkişafı və s. haqqında məlumat verilib. Bildirək ki, kitabı rus dilindən Cabbar Cabbarov və Həsən Əlizadə tərcümə edib.

Kitab “Azərbaycan ərəb istilası ərəfəsində”, “Azərbaycan ərəblərin hakimiyyəti altında”, “IX əsrin ikinci yarısında Azərbaycan ərazisində ayrı-ayrı müstəqil dövlətlərin və mülkiyyətlərin yaranması”, “Azərbaycan xalq kütlələrinin Xilafətə qarşı hərəkatı” adlı fəsillərdən ibarətdir.

Qeyd edək ki, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondundakı sözügedən guşədə şəhidlərin özlərinin oxuduqları müxtəlif mövzulu kitablar toplanılır.

Mission News Theme by Compete Themes.