Son yeniləmə: 27 İyun 2024 12:06
Emin Həsənli: Bu, bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında fədakarlıq göstərmiş hər kəs öz layiq olduğu dəyəri alır
BAYRAQDAR MEDİA – “Hər il olduğu kimi bu il də 26 iyun – Silahlı Qüvvələr Günü qeyd edildi. Ümumiyyətlə, 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra 26 iyun qalib xalqın qalib ordusunun günü kimi xüsusilə böyük coşqu ilə qeyd edilir. Bu dəfə Silahlı Qüvvələr Gününü yaddaqalan edən daha bir məqam da oldu. Bu da cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi (ölümündən sonra) haqqında sərəncamın imzalanması oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O, qeyd edib ki, bu sərəncam xalq tərəfindən böyük sevinc və rəğbət hissi ilə qarşılandı: “Bu bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında fədakarlıq göstərmiş hər kəs öz layiq olduğu dəyəri alır. Heç kim, heç bir qəhrəmanlıq diqqətdən kənarda qalmır. Bu sərəncamın 26 iyun – Silahlı Qüvvələr Günü imzalanması isə cənab Ali Baş Komandanın orduya, silahlı qüvvələrə necə yüksək dəyər verdiyini növbəti dəfə sübut etdi. Onu da deyim ki, ənənəvi olaraq bu bayram günündə də Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında da sərəncamlar imzalandı”.
E.Həsənli deyib ki, 106 yaşını qeyd edən Azərbaycan silahlı qüvvələri 1918-ci ilin 26 iyununda yaradılıb: “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu kimi Azərbaycan Silahlı Qüvvələri də 1918-ci il iyunun 26-da yaranan həmin silahlı qüvvələrin varisidir. Həmin dövrdə olduqca mürəkkəb proseslərin baş verdiyi Azərbaycanda silahlı qüvvələrin yaradılması heç də asan deyildi. Lakin qardaş ölkədən gəlmiş Qafqaz İslam Ordusunun rəhbəri Nuru paşanın, eyni zamanda Azərbaycan generallarının yüksək qəhrəmanlığı sayəsində Xalq Cümhuriyyəti Azərbaycan silahlı qüvvələrinin yaradılmasına nail oldu və bu proses rəsmi olaraq iyunun 26-da öz həllinin tapdı”.
Emin Həsənli vurğulayıb ki, Azərbaycanda sovetlər qurulandan sonra ordu quruculuğu arxa plana keçsə də, Azərbaycan xalqının mübarizlik, müstəqillik ruhu heç zaman ölmədi. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra yenidən digər sahələrdə olduğu kimi ordu quruldu sahəsində də addımlar atılmağa başlandı.
Ekspert bildirib ki, müasir Azərbaycanın tarixində ordu quruculuğu məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adi ilə bağlıdır: “Ulu öndər hələ sovetlər dövründə Naxçıvanski adına liseyin əsasını qoymuşdur. İndiki ordumuzun generallarının, zabitlərinin böyük hissəsi məhz həmin liseyin məzunlarıdır. Eyni zamanda 1993-cü ilin 15 iyununda xalqın təkli tələbi ilə yenidən siyasi hakimiyyətə qaydan ulu öndərin artdığı ilk addımlardan biri məhz müstəqil Azərbaycanın ordu quruculuğun sahəsində oldu. Ulu öndər tezliklə ordu quruculuğun strukturu əsaslarını yaratdı. Eyni zamanda ordunun beynəlxalq əlaqələri gücləndi. Ulu öndərin sərkərdəlik qətiyyətindən güc alan Azərbaycan ordusu cəbhədə düşməni zərbə vurdu. Düşmən Füzuli istiqamətində məğlub olaraq geri oturdu və atəşkəs imzalamağa məcbur edildi”.
E.Həsənli deyib ki, ordu quruculuğu Prezident İlham Əliyevin də əsas diqqət yetirdiyi məsələlərdən biri kimi ön sıradadır: “Cənab Prezidentin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğu öz bəhrəsini verdi. Ordunun silahlanması, müasir ordu yaradılması istiqamətində Azərbaycan dövləti böyük işlər gördü və onun da nəticəsində 44 günlük Vətən müharibəsində böyük qələbə əldə edildi. Bu gün qalib ordu kimi adını tarixə yazan Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Azərbaycan ordusu həmçinin mənəvi-psixoloji hazırlığa, döyüş təcrübəsinə, müasir silah-sursatın olmasına görə ən güclü ordulardan biridir”.
Ekspert vurğulayıb ki, müharibədən sonra da ordu quruculuğu ilə bağlı işlər davam etdirilir: “Ordu cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə modelinə keçir və bu istiqamətdə böyük işlər görülür. Hər il ordumuz daxili qoşunlar və Dövlət Sərhəd Xidməti ilə birlikdə təlimlər keçirir. Ehtiyatda olan hərbi qulluqçular bu təlimlərə cəlb edilir. Bütün bunlar onu deməyə əsas verir ki, ordumuz bütün qoşun növləri, həm xüsusi təyinatlılarımız, həm quru qoşunlarımız, həm hava qüvvələrimiz, həm dəniz donanmamız, hamısı yüksək səviyyədədir. Qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazırdır”.