Press "Enter" to skip to content

Yeni radio layihələr gəlir

Yeni layihələr gəlir

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və “Pro Media Group” MMC-nin təşkilatçılığı ilə yeni radio layihələrə başlanılıb.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, “birgə əməkdaşlıq nəticəsində “Azərbaycan dili”, “Mədəni irsimiz” və “Mədəni afişa” rubrikaları, eləcə də “Sənətin səsi” verilişi dinləyicilərə təqdim edilir. “Retro FM” (93.3 FM) radiostansiyasında yayımlanan “Mədəni irsimiz” rubrikasında nəsildən-nəslə ötürülən mədəni irs nümunələri, paytaxt Bakıda, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında yerləşən tarix-memarlıq və mədəniyyət abidələri, binaları haqqında məlumat verilir. “Avto FM” (107.7 FM) və “Retro FM” (93.3 FM) dalğalarında yayımlanan “Mədəni afişa” rubrikasında Akademik Milli Dram, Akademik Opera və Balet, Akademik Musiqili, Akademik Rus Dram, Milli Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ və Şuşa Dövlət Musiqili Dram teatrlarının səhnəsində nümayiş olunacaq tamaşalar haqqında məlumat diqqətə çatdırılır”.

Daha sonra xəbərdə qeyd olunur ki, ““Avto FM”, “Retro FM” və “Hit FM” (97.7 FM) radiostansiyalarında yayımlanan “Azərbaycan dili” rubrikasında Azərbaycan dilinin leksik, qrammatik qaydalarına uyğun düzgün yazılış və tələffüz normalarından bəhs olunur. “Retro FM”in efirində həftəiçi 5 gün saat 13:00-14:00-da canlı yayımlanan “Sənətin səsi” verilişində isə milli musiqinin inkişafında əvəzsiz xidmətləri olmuş bəstəkar, xanəndə, estrada və opera ifaçıları haqqında onların irsinin tədqiqatçıları, ailə üzvləri və tələbələri ilə müsahibələr təqdim olunur”.

Təqdim olunan dörd layihə Azərbaycan mədəniyyəti və incəsənətinin daha geniş auditoriyada təbliğinə töhfə olmaqla yanaşı, auditoriyanın mədəniyyət tədbirlərinə, teatrlara, tamaşalara marağın artırılmasına da xidmət edir.

Mission News Theme by Compete Themes.