BAYRAQDAR MEDİA – 27-28 iyun tarixlərində Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forum keçiriləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “ETSN “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçiriləcək Forumda məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində Azərbaycanın liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir. Bakı forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək”.
Qeyd edək ki, tullantıların səmərəli idarə olunması sahəsində dayanıqlı təcrübələrin təşviqində, beynəlxalq əməkdaşlıqda, innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında müzakirələrin aparılmasında bu Forumun yeni bir platformaya çevrilməsi gözlənilir.
Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlər tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə, innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantıların azaldılması strategiyalarının təşviqinə dair “Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul ediləcək.