BAYRAQDAR MEDİA – İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA Rəyasət Heyətinin qərarına əsasən “Füzuli günləri” layihəsi çərçivəsində füzulişünas alimlərlə “Füzuli əlyazmaları dünya kitabxanalarında” mövzusunda növbəti seminar keçirilib.
Seminarda öncə MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov qonaqları salamlayıb, dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında söz açıb. O, həmçinin seminarın ölkə Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edildiyini və bu görüşlərin, seminarların davamının olacağını bildirib. Direktor çıxışının sonunda qonaqlara və MEK əməkdaşlarına təşəkkürünü bildirib, həmçinin onları 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik edib.
Ardınca AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevanın “Məhəmməd Füzuli əsərlərinin əlyazmaları dünya kitabxanalarında”, MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbənin müdiri filolgiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Füzuli əsərləri dünya miqyasında”, Əlyazmalar İnstitutunun elmi işçisi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin doktorantı Səba Verdiyevanın “Məhəmməd Füzulinin türkcə “Divan”ının ən qədim əlyazması haqqında” adlı məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, dahi şairin əsərlərinin nüsxələri dünyanın bir çox kitabxanalarında saxlanılır. Həmçinin onun türkcə “Divan”ının ən qədim nüsxəsinin Əlyazmalar İnstitutunda qorunduğu diqqətə çatdırılıb. Bundan əlavə, vurğulanıb ki, M.Füzulinin yaradıcılığı hər zaman Azərbaycan alimləri ilə yanaşı, həm də dünya alimlərinin diqqət mərkəzində olub.
Görüşdə bildirilib ki, M.Füzulinin yubileyinin qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın milli mənəvi dəyərlərinə verdiyi böyük qiymətdən, önəmdən irəli gəlir.