BAYRAQDAR MEDİA – İyunun 25-də Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Jandarma Hava Qüvvələrinin komandanı general-leytenant Ali Doğanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda sözügedən Nazirliyin yaydığı məlumatda deyilir.
K.Heydərov görüşdə Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyinin, qarşılıqlı etimadının və siyasi iradəsinin sayəsində iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini məmnunluqla xatırladıb.
Nazir ölkə daxilində, həm də xarici ölkələrdə baş vermiş irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Nazirliyin Aviasiya dəstəsinin həyata keçirdiyi tədbirlərdən danışıb, hazırkı səfərin qurumlar arasında mövcud sıx əlaqələrin daha da dərinləşməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən A.Doğan Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək fövqəladə hallarla effektli mübarizə məqsədilə iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Məlumata görə, səfər çərçivəsində Ali Doğanın başçılıq etdiyi nümayəndə heyəti FHN-in Aviasiya dəstəsinə baş çəkərək qurumun fəaliyyəti ilə tanış olacaq.