Son yeniləmə: 25 İyun 2024 06:24
Əziz Ələkbərli: Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir
BAYRAQDAR MEDİA – “Qərbi Azərbaycana qayıdış ideyası ilk dəfə beynəlxalq müstəviyə çıxarılıb, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 225 bəyanatı qəbul edilib”.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin açılış mərasimindəki çıxışında Ə.Ələkbərli bildirib ki, bu gün Qərbi Azərbaycan İcmasının yeddi rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb: “200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycan Respublikasının 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bu gün artıq Qərbi Azərbaycana qayıdış tək qərbi azərbaycanlıların və Azərbaycan Respublikasında yaşayan 10 milyon soydaşlarımızın məsələsi deyil. Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir. Bu, soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır. Bu, Ulu Öndər Heydər Əliyevin bizə vəsiyyəti, cənab Prezident İlham Əliyevin tapşırığı və atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur”.