Son yeniləmə: 25 İyun 2024 06:44
Zorlu Töre: Bu, KKTC, eyni zamanda ümumilikdə türk dünyası üçün strateji əhəmiyyət kəsb edir
BAYRAQDAR MEDİA – “Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Doğu Akdenizdə yerləşən bir türk dövlətidir. KKTC Doğu Akdenizdə türk dünyasının bir təmsilçisidir. Dolayısıyla KKTC Doğu Akdenizdə türk millətinin bir şərəf nöqtəsidir”.
Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində KKTC Cümhuriyyət Parlamentinin sədri Zorlu Töre deyib.
Biz bu gün öz fəaliyyətimizi “bir millət üç dövlət” prinsipi üzərində qururuq
Xatırladaq ki, bir müddət öncə Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası keçirilib. Həmin iclasda iştirak edən Z.Töre eyni zamanda BAYRAQDAR MEDİA-ya da özəl müsahibə verib.
Müsahibəsində türk dünyasında baş verən son proseslərin, xüsusilə də Azərbaycanın atdığı addımların KKTC-də böyük sevinc hissi ilə qarşılandığını deyən Z.Töre əlavə edib ki, bu Kıbrsı türk xalqına güc verir: “Kıbrıs Barış Hərəkatından son illərə qədər böyük qardaş Türkiyə yeganə dövlət olaraq hər zaman KKTC-nin yanında olub. Böyük qardaşımız Türkiyənin bu mövqeyi bizə ayaqda qalmağa, dünyanın haqsız təzyiq və embarqolarına rəğmən öz dövlətimizi qorumağa kömək etdi. Bu gün isə Türkiyə ilə yanaşı digər böyük qardaşımız Azərbaycan da KKTC-nin yanındadır, bizə dəstək verir. Mən bu dəstəyə görə başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edirəm. Əminəm ki, digər türk cümhuriyyətləri də Türkiyə və Azərbaycanın bu yanaşmasından güc alaraq KKTC-yə haqq etdiyi dəstəyi göstərəcəklər”.
Müsahibimiz onu da qeyd edib ki, KKTC olaraq biz bu gün öz fəaliyyətimizi “bir millət üç dövlət” prinsipi üzərində qururuq. Yəni Türkiyə, Azərbaycan və KKTC. Baxın mən burada sizə müsahibəni də üç qardaş ölkənin bayraqları fonunda verirəm. Bu da olduqca önəmlidir. Ümumiyyətlə Azərbaycanın sərgilədiyi mövqeyi olduqca önəmlidir. Bu, KKTC, eyni zamanda ümumilikdə türk dünyası üçün strateji əhəmiyyət kəsb edir”.
Bizim ümidimiz türk dünyasınadır
“Hazırda KKTC-nin digər türk dövlətləri ilə əlaqələri necə inkişaf edir” sualına gəlincə müsahibimiz aşağıdakıları bildirib: “Hazırda digər türk dövlətləri ilə də əlaqələrimiz getdikcə inkişaf edir. Məsələn mən Bakıda olarkən Qırğızıstan parlamentinin sədri ilə də görüşdüm. Görüş zamanı qardaş Qırğızıstan parlamentinin sədri KKTC-yə səfər etmək arzusunu ifadə etdi və mən də onu KKTC-yə dəvət edəcəyimi bildirdim. İnşallah Bakıdan dönəndən sonra bununla bağlı rəsmi məsələlər öz həllinin tapacaq və biz rəsmi dəvət göndərəcəyik. Təbii ki, digər türk dövlətləri ilə də əlaqələr istiqamətində müvafiq addımlar atılır”.
Zorlu Töre, həmçinin “Bizim ümidimiz türk dünyasınadır. Yəni bu gün əgər türk dünyası bizi qucaqlasa, bizə lazımi dəstəyi göstərsə və KKTC TÜRKPA-ya tamhüquqlu üzv qəbul edilsə o zaman düşünürəm ki, bizə qarşı haqsız beynəlxalq təzyiqlər və embarqolar ən azı bir qədər səngiyə bilər” deyib.
KKTC-də hər zaman olduğu kimi bu gün də mübariz gənclik yetişir
“Bu gün Kıbrıs türk gəncliyi bayrağı daha da irəli aparmağa hazırdırmı” sualına gəlincə, müsahibimiz öncə “buna kimsənin şübhəsi olmasın” deyə cavab verib.
Z.Töre bildirib ki, KKTC-də hər zaman olduğu kimi bu gün də mübariz gənclik yetişir: “Bizim Kıbrıs türk xalqı olaraq haqlı mübarizəmiz davam edir. Milli davamızda hər zamankı kimi bu gün də gənclik öz sözünü deyir. Yəni bu gün də milli davaya xidmət edən gəncliyimiz yetişir. Kimsə şübhə etməsin ki, onlar böyüklərimizin göylərə qaldırdığı və bizə əmanət etdiyi bayrağı bizdən alaraq daha da irəli aparmaqda iddialıdırlar. Buna nail olacaqlarına da əminəm. Lakin ümumilikdə gənclər üzərlərində çox işləməli, bir lider kimi yetişməlidirlər”.
Türk ordusu Kıbrıs adasında sülhün və sabitliyin təminatçısıdır
Müsahibəsində KKTC-dəki türk ordusu ilə bağlı məqama da toxunan Z.Töre deyib ki, “bu gün türk ordusu Kıbrıs adasında sülhün və sabitliyin təminatçısıdır”.
O ki, qaldı istər KKTC daxilindən, istərsə də xaricdə bəzi bəzən səslənən “Türk ordusu Kıbrısdan çıxmalıdır” fikirlərinə, Z.Töre bunu qəbuledilməz sayır: “Çünki əvvəla dediyim kimi türk ordusu ümumilkdə adada sülhün təminatçısıdır. Digər tərəfdən türk ordusu KKTC-nin varlığının qorunmasında əsas rol oynayır. Buna görə də hesab edirəm ki, “Türk ordusu adadan çıxsın” deyənlər birmənalı olaraq KKTC-nin varlığına qarşı çıxan insanlardır. Sizə bir misal çəkim. Bu gün 146 ölkə Fələstinin müstəqilliyini tanıyıb. Bununla belə Fələstində qırğınlar törədilir və heç bir dövlət buna müdaxilə etmir, yaxud da bu münaqişənin dayandıra bilmir. Amma 50 ildir ki, Türkiyə silahlı qüvvələri, türk barış gücü KKTC-dədir və ötən 50 ildə KKTC-yə bir güllə belə atılmayıb. Çünki türk ordusu KKTC-nin varlığını və ümumilkdə adada sülhü qoruyur”.
Nəhayət sonuncu, “Kıbrısda daimi sülhün olması üçün yenidən federal həll yolu mümkündürmü” sualımıza gəlincə, Z.Töre aşağıdakıalrı vurğulayıb: “Federal həlldən söz edilə bilməz. Bu qətiyyən mümükün deyil. Bu gün adada iki ayrı xalq, iki ayrı dövlət var. Dünya bu reallığı nəhayət ki, qəbul etməldir. Dünya bizim dövlətçilik haqqımızı tanımalıdır. Bunun başqa br yolu yoxdur. Təbii ki, dünyanın da bizim haqqımızı tanıması üçün ilk növbədə türk dünyası bizim yanımızda, arxamızda olmaldır. Türk dünyası, TDT-yə daxil olan ölkələr Türkiyə və Azərbaycandan nümunə götürərək, KKTC-yə dəstək olmalıdırlar. İnanırıq ki, tezliklə bu dəstək bütün sahələrdə göstəriləcək”.