Press "Enter" to skip to content

4 min 311 müəllimin əmək müqaviləsi ləğv edilir

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – İyunun 25-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 min 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib. Eyni zamanda, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 min 410 müəllimin əməkhaqqına 35 faiz, 23 min 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb. Bildirilib ki, 8 iyun 2024-cü il tarixində ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 min 296 müəllim iştirak edib. Onlardan 3 min 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 min 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, Şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub”.

Daha sonra xəbərdə deyilir ki, “ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95 faizi, ibtidai sinif üzrə 86 faizi sertifikatlaşdırma prosesində uğur qazanıb. Xatırladaq ki, cari ilin əvvəlindən etibarən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub”.

Xəbərdə həmçinin, “təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 10-13 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib” deyə bildirilir.

Qeyd edək ki, iclasın yekun nəticələri ETN-ə təqdim edilib.

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.

Mission News Theme by Compete Themes.