Press "Enter" to skip to content

“Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” – SƏRGİ

Sərginin açılışı

BAYRAQDAR MEDİA – İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, V.Səmədovanın nəvəsi Aqşin Mirfeyzullazadə çıxış edib. Onlar görkəmli rəssamın yaradıcılığının milli təsviri sənətdə tutduğu mühüm mövqedən və bu sərginin Azərbaycan incəsənəti üçün daşıdığı vacib əhəmiyyətdən danışıblar. Mədəniyyət Nazirliyi və AMİM-in birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın əsasən sözügedən Muzey və eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alıb. Sərginin kuratoru Ş.Məlikovadır”.

Daha sonra xəbərdə, “Azərbaycanın ilk peşəkar qadın rəngkarı, özünəməxsus dəst-xəttə malik V.Səmədovanın geniş mövzu dairəsini əhatə edən əsərləri tematika üzrə bölünmüş zallarda təqdim olunur. Ekspozisiyaya daxil olan mənzərə əsərlərində müəllifin canlı müşahidələri əsasında fırçaya aldığı Azərbaycan torpağının əsrarəngiz təbiəti canlanır. Rəssamın Bolqarıstana yaradıcı səfərindən xatirə qalan əsərləri isə bu ölkənin təbiəti, memarlığı, insanlarına həsr olunmuş kompozisiyaları nümayiş etdirir” deyə qeyd edilir.

Xəbərdə həmçinin deyilir ki, “rəssamın “İmtahandan qabaq”, “Xəbər gözləyərkən” və digər tematik tabloları mükəmməl kompozisiya həllinə malik olmaqla canlı hiss və duyğuların təsviri ilə fərqlənir. Qeyd edilən bədii həll prinsipi müəllifin 1950-1960-cı illər yaradıcılığına aid qrafik əsərləri üçün də xarakterikdir. Onun 1961-ci ildə yaratdığı və sanki öz bədii-estetik axtarışlarının zirvəsinə çatdığı “Kür sahilində” tablosu ekspozisiyada xüsusi yer tutur. Multimedia vasitələrindən istifadə edilən sərgidə qeyd edilən tablo vizuallaşdırılmış maraqlı təqdimatla nümayiş etdirilir”.

Sərginin xüsusi hissəsini V.Səmədovanın özünü sənətkar kimi təsdiq etdiyi aparıcı janrlardan olan portret əsərləri təşkil edir. Sənətkarın sevimli ömür-gün yoldaşı Lətif Feyzullayev tərəfindən fırçaya alınmış füsunkar obrazı, eyni zamanda onun şəxsiyyəti və yaradıcı dünyası haqqında video-sorğu sərginin konsepsiyasına xüsusi məna çaları qatır.

Sərgi noyabrın 25-dək davam edəcək.

Mission News Theme by Compete Themes.