Son yeniləmə: 24 İyun 2024 11:09
Fikrət Əliyev: Naxçıvanda keçirilən festival-konqres də deyilən istiqamətdə atılan daha bir addımdır
BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsindən və ondan sonra bir günlük lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi zəfər əldə etdi. Məhz bu zəfər nəticəsində Azərbaycan xalqı qalib xalq olmaq xoşbəxtliyini yaşayır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Fikrət Əliyev deyib.
Bu, gündəmimizin mühüm məsələlərindən biridir
O, qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri uğurla davam edir: “Artıq həmin ərazilərdə evlər, infrastruktur obyektləri tikilib, yollar salınıb. İnsanların həmin ərazilərə köçü həyata keçirilir. Təbii ki, bunun da əsasında Azərbaycan dövlətinin qüdrəti, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti dayanır”.
F.Əliyev bildirib ki, Azərbaycan dövləti və xalqı eyni zamanda dədə-baba yurdlarından didərgin salınmış Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıtması üçün səfərbər olub: “Təbii ki, Azərbaycan dövləti sülhsevər dövlətdir. Biz heç bir ölkənin ərazisinə hücum etmək niyyətində deyilik. Bu bizim siyasətimizə yaddır. Sadəcə olaraq bu səfərbərlik Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması üçün beynəlxalq və yerli səviyyədə atılan hüquqi addımlarla bağlıdır. Bu baxımdan Qərbi Azərbaycana, Zəngəzura qayıdış bu gün belə deyək ki, gündəmimizin mühüm məsələlərindən biri kimi diqqət mərkəzindədir”.
“Əminəm ki, soydaşlarımız həmin qatarlarda Qərbi Azərbaycana, öz doğma ocaqlarına qayıdacaqlar”
F.Əliyevin sözlərinə görə hazırda soydaşlarımızın Qərbi Azərbaycanda öz ata-baba yurdlarına qayıtması üçün müxtəlif istiqamətlərdə işlər görülür, addımlar atılır: “Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də deyilən istiqamətdə atılan daha bir addımdır. Mən həmin tədbir barədə məlumatları ətraflı izlədim və bir daha əmin oldum ki, bu arzumuz da reallaşacaq. Əminəm ki, Naxçıvanda o festival ərazisində qoyulan simvolik qatarlar tezliklə real dönüş qatarları ilə əvəz ediləcək və soydaşlarımız həmin qatarlarda Qərbi Azərbaycana, öz doğma ocaqlarına qayıdacaqlar. Yəni Qərbi Azərbaycana qayıdış məhz qədim Azərbaycan yurdu, türk dünyasının birləşdirici körpüsü olan Naxçıvandan başlayacaq”.