Son yeniləmə: 24 İyun 2024 03:54
Elman Cəfərli: Bakının mərkəzində belə göz oxşayan mədəniyyət və istirahət parkının olması çox yaxşıdır
BAYRAQDAR MEDİA – “Son illər ölkə əhalisinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni istirahət və mədəniyyət parkları, çoxsaylı yaşıllıq zolaqları salınır. Park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur, genişləndirilir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, qeyd edib ki, yaşadığı Bakını Xətai rayonu ərazisində son illər bir neçə park salınıb: “Heydər Əliyev Parkı, “Gənclik” parkı, yenidən qurulub, sahəsi artırılıb. İndi sözügedən parklar paytaxt əhalisinin sevimli məkanlarından biridir. İyunun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar. Bu park bir müddət idi ki, təmirə dayandırılmışdı”.
E.Cəfərli qeyd edib ki, yenidənqurma və bərpa işləri nəticəsində Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb: “Vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Nəbabat Bağı şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. Bura yeri və xarici turistlər daha çox üz tuturlar. Bu il ölkəmizdə BMT-nin iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə Tərəflər Konfransının COP-29-un keçiriləcək. Ölkəmizə minlərlə xarici nümayəndə, turist gələcək. Təbii ki, Bakının mərkəzində belə göz oxşayan mədəniyyət və istirahət parkının olması çox yaxşıdır. Qeyd edək ki, təmirdən sonra bağda müxtəlif növ yeni ağaclar əkilib, müasir dizaynlı guşələr yaradılıb”.
Müsahibimiz vurğulayıb ki, Nəbatat Bağı təkcə istirahət məkanı deyil: “Burada nadir bitki növləri qorunur, çoxaldılır. Xatırladım ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Burada respublikamızın təbii və mədəni flora genefondunun bərpası, bitki ehtiyatlarının səmərəli istifadə edilməsi, eləcə də uyğunlaşdırma və introduksiya istiqamətində geniş tədqiqat işləri aparılır. Bağın bitki kolleksiyaları park dizaynının ən yaxşı nümunələrindən istifadə edilərək özünəməxsus landşaft ansamblı olub, şərq və qərb park memarlığı ənənələri ilə tərtib edilib. Nəbatat Bağında 2 min 500-dən çox ağac, kol, ot bitkiləri və sair var. Bağda 130-a yaxın nadir bitki növü qorunur”.
E.Cəfərli sonda parkı ziyarət edənlərə müraciət də ünvanlayıb: “Çox yaxşı olardı ki, parkı ziyarətə gələn insanlar, paytaxt sakinləri canlı aləmə qarşı duyarlı olsunlar, ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən bu cür məkanlarda təmizliyə riayət etsinlər. Ziyarətçilər piknik etmək imkanı yaradılmış mədəniyyət və istirahət parklarının əksəriyyətində təmizlik baxımından vəziyyət ürəkağrdıcıdır. Məişət tullantıları qabları qoyulsa da ziyarətçilər plastic su qablarını, sellofan torbaları hara gəldi atırlar. Yaxşı olardı ki, şəhərin mərkəzində fəaliyyət göstərən bu cür parklarda təmizliyə ciddi nəzarət olunsun”.