Press "Enter" to skip to content

İlyas Əhmədov: Azərbaycanda film yoxdur

İlyas Əhmədov

Tanınmış aktyor, Prezident mükafatçısı İlyas Əhmədovun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.

-İlyas bəy, necə oldu ki, aktyor olmaq istədiniz?

-Mənim nənəm aktrisa, anam müğənni olub. Qardaşım da aktyordur. Yəqin irsidir. 1998-ci ildə sənədlərimi İncəsənət Universitetinə verdim. Qəbul imtahanında Şəfiqə Məmmədova oturmuşdu. O vaxt mənə deyirdilər ki, o, çox sərt insandır və nadir hallarda qabiliyyət imtahanından kiməsə 5 yazır. Mən də rus bölməsini bitirmişdim. Qabiliyyət imtahanından yüksək nəticə ilə keçsəm də Azərbaycan dilində test çətin oldu və keçid balını yığa bilmədim. 1999-ci ildə bir daha İncəsənət Universitetinə “Teatr və kino aktyorluğu” üzrə sənədlərimi verdim. Nəhayət imtahandan yaxşı nəticə əldə etdim. 1999-ci ildə Universitetdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında rus bölməsində işlədim. 3 il uşaqlar üçün tamaşa oynadım. Mənim sənət müəllimim Xalq artisti, Prof. Ağakişi Kazımov və səhnə danışığı müəllimim bədii qiraət ustası Ənvər Vəliyev olub. Bir dəfə Ağakişi Kazımov məni Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bəxtiyar Vahabzadənin “Rəqabət” tamaşasına dəvət etdi. “Rəqabət”i oynayandan sonra iki-üç tamaşada rol aldım. Rəhmətlik rejissor, aktyor Rövşən Almuradlı mənə “Ölüləri qəbiristanda basdırın” tamaşasında kəndin lotusu olan Nağını verdi. O rolu oynayandan sonra Xalq artisti Əlabbas Qədirov səhnəyə çıxaraq dedi: “Sən bu rolunla möhür vurdun”. Beləliklə 2004-cü il oktyabrın 4-də AzDramın truppasına daxil oldum. 2012-ci ilin oktyabrında isə ərizəmi yazıb işdən ayrıldım. Yaşamaq üçün Türkiyəyə üz tutdum. Tək idim. Bir müddət stress keçirdim, zəiflədim. Elə oldu ki, doğma teatrıma qayıtmağa qərar verdim. Bilirsiniz, teatr səhnəsi çox möcüzəlidir. AzDramın səhnəsində olmağı hər aktyor bacarmır. O səhnəyə çıxıb nəinki rol oynamaq, səsini son oturacağa çatdırmaq belə çətin məsələdir.

-Aktyor olduğunuz üçün peşman deyilsiniz ki?

-Bəli, teatr aktyoru olduğum üçün peşmanam. Səbəb odur ki, mən bu zamanın adamı deyiləm. Mənim üçün dahi aktyor teatr aktyorudur.

-Teatr tamaşaçısından, eləcə də tamaşaçı teatrdan razıdırmı?

-Pandemiyaya qədər bir az tamaşaçı qıtlığı var idi. Amma pandemiya qurtarandan sonra demək olar ki, hər tamaşanı anşlaqla qoyduq. Sanki insanlar virtuallıqdan bezib teatra gəldilər. Mənim yadımdadır ki, 2010-cu ilə qədər millət tamaşa bitdikdən sonra aktyoru gözləyərək fotoaparatla şəkil çəkdirir, gül dəstələri verirdi. Amma indi təəssüf olsun ki, tamaşaçı çox az hallarda gül alıb gətirir. Mən 20 il bundan qabaqkı arxivə baxanda hər tamaşada güllər, çiçəklər gətirildiyini görürəm. İndi görürəm ki, elə şeylər yoxdur. Qabaq AzDramın girişində, sol tərəfdə gül dükanı var idi. Tamaşaçı gül alıb içəri girirdi. Bəlkə də indi tamaşaçı özünə əziyyət verməmək üçün haradansa gül alıb gətirmir. Düşünürəm ki, o gül dükanı açılsa, tamaşaçı istər-istəməz gül alıb aktyora verəcək. Bəzən elə hallar olur ki, tamaşaçı aktyorun səhnədə oynadığını görsə də telefonu əlindən yerə qoymur. Mütəmadi olaraq Rus Dram Teatrına gedirəm. Orada bir tamaşaçı görmürəm ki, əlinə bir telefon götürsün, baxsın və ya nəsə eləsin. Mən çox düşünmüşəm, bu təzadın cavabını tapa bilməmişəm.

-İlyas bəy, bu gün çəkilən serial və filmlər hansı səviyyədədir?

-Azərbaycanda film yoxdur. Deyirlər ki, film akademiyası açıldı və sair. Sənin öncə filmin olsun ki, akademiyan da olsun. Film yoxdur. Bunun da yox olması mənə qəribə gəlir. Bütün şərait yaradılır. Cənab Prezident İlham Əliyev pul ayırmışdı. Yenə də ortalığa bir şey çıxmadı. Çəkildiyim 25-dən çox film və ya seriala baxmamışam. Biri istisnadır. Onun da adını çəkmək istəmirəm. Bizdə ssenarist acılığı var. Ssenaristlər demək olar ki, yox dərəcəsindədir. Əksər ssenarilər də eynidir. Məsələn, ər yoldaşına xəyanət etdi və sair. 5 il bundan qabaq hörmət etdiyim bir rejissor məni dəvət etdi. Oturduq, söhbət zamanı ssenarini verdi. Oxudum. Axırda gördüm dəxli olmayan aktyorun adını çəkib. Zəng vurdum, dedim ki, onun bu ssenariyə aidiyyəti yoxdur. Dedi ki, İlyas müəllim, o, bizə pul gətirəcək. Yəni o bayağı bir aktyorun vasitəsi ilə istəyirdi ki, filminə baxsınlar. Rejissor hər şeyindən keçməli, təbliğedici, maarifləndirici bir şey çəkməlidir. Düzdür, ilk zamanlar onun tamaşaçısı az olacaq. Sonra zamanla çoxalacaq. Bunu da etmək istəmirlər. Deyirlər: “Bu işi etmək mənə qalmayıb, qoy başqası etsin”. Əvəzində isə asan yol seçərək bayağı aktyor çağırırlar. Biz yaxşı filmlər üçün acmışıq. Biz acıq. Bizi doyuzduran yoxdur.

-Çox nadir hallarda müsahibə verdiyinizi bilirəm. Hətta təkliklə bağlı düşüncələrinizdən də xəbərdaram. Maraqlıdır, cəmiyyətdən uzaq qalmağınızın karyeranıza təsir etdiyini düşünürsünüzmü?

-Məni cəmiyyətdən uzaqlaşdıran kitablarım və teatrımdır. Teatr müqəddəs bir yerdir. Mən bütün gəncliyimi, ailəmi teatra qurban vermişəm. Son vaxtlar kitablarımın sayını azaltmışam. Çox oxuduqca cəmiyyətdən uzaqlaşırsan. Səməndər Rzayevin oğlu Rəşid Səməndərə Allah rəhmət etsin. Mənim yeganə tanıdığım bilikli, istedadlı, bir nömrəli aktyor idi o. Həddindən artıq çox oxumuşdu. Ondan başqa çox oxuyan ikinci adam tanımıram. O baxımdan da yaxın zamanlarda kitab oxumaqları azaltdım. Çalışdım, zamanla ayaqlaşım. İnanın, çox çətindir. Ölmək daha asandır. İnsan evdə oturub fikirləşir ki, ölmək daha asandır. Ölməyə nə var ki? Cəsarətin çatırsa, yaşa görüm, necə yaşayırsan. Hər tərəfdən sənə zərbələr gəlir. Çünki sən dürüst olmamalısan. Sən bizim kimi olmalısan. O da adamı bir az sıxır.

-Aktyorlara ölkə xaricində də rol təklif olunur. Sizə belə bir təklif gəlibmi, ümumiyyətlə təklif olsa, gedərsinizmi?

-Türkiyədə o vaxt 3-4 dəfə çəkilişdə oldum. Sırf hansısa ölkədən təklif gəlməyib. Gəlməməyinin də səbəbini bilirəm. Bir şeyi bilin ki, bizim məmləkət şəxsi münasibət üzərində qurulub. Elə bir münasibət varsa, təklif də gələcək, səni təqdim də edəcəklər. Bu, bizim serial, film və teatrlarımızda da belədir.

-Aktyorluq sahəsi üzrə ali təhsili olmayan gənclər peşəyə daha tez yiyələnmək üçün kurslara yönəlirlər. Son dövrlər məşhur olan bu kursların verdiyi təhsilə münasibətiniz necədir?

-Sənin diplomun olmaya bilər. Amma istedadın varsa, bütün sərhədləri vurub keçə bilərsən. Mən ekran qarşısında sənin istedadına baxıram, diplomuna baxmıram. Hava yaradılmış aktyor bilirsiniz də nədir? Gəlirsən çəkiliş meydançasına, görürsən ki, iki kəlmə sözü danışa bilmir. Baxırsan, Instagram belə, Facebook elə. Bu da havadır. Mən tamaşaçımıza onu arzu edərdim ki, hava yaradılmış aktyor ilə real aktyoru ayırd edə bilsin.

-Məncə, tamaşaçı bunu ayırd edə bilir…

Bəli, indi-indi ayırd etməyə başlayıb. Sevinirəm. 3-4 il bundan qabaq isə belə deyildi. Çəkilişlərin birində birisi mənfi 5 dərəcədə, qarda iki kəlməni deyə bilmədiyi üçün 19 dubla çəkilmişəm. Çəkilişdən sonra dedim ki, budur hava yaradılmış aktyor? Belə hallar mənə təsir edir.

-Gənc aktyorlara və gələcəkdə aktyor olmaq istəyən gənclərə peşəkar aktyor kimi nə tövsiyə edərdiniz?

-Kursların olması gözəl bir şeydir. İnsan özü-özünə sual verməlidir ki, mənim qabımda nə var? Mənim qabımda varsa, aktyor olacağam. Bu, Allah vergisidir. Çətini vərdişə, vərdişi asana çevirməlisən.

-Bəzən həyat şərtləri insanı o yoldan uzaqlaşdırır…

-Mən sizə bir söz deyim. Dünyada ən çətin sənət teatr aktyoru olmaqdır. Eyni zamanda onun içində zərbələr də var. Əgər istedadın varsa, ömrün boyu sənə zərbə endirməyə çalışacaqlar. İstedad bütün sərhədləri keçir. Sənə bu zərbələr dörd bir tərəfdən gələcək. İndiki gənc aktyor olmaq istəyən cavanlara demək istəyirəm ki, əgər aktyor ola bilib-bilməyəcəyinizi hiss edirsinizsə, qərar verməlisiniz. Birincisi, aktyorun diksiyası, artikulyasiya saat kimi işləməlidir. Aktyorun qılıncı onun sözüdür. 1999-2000-ci illərdə adın çəkmək istəmədiyim bir müəllimimiz vardı. Dərs zamanı 12 nəfəri ayağa qaldırıb dedi ki, sizdən aktyor olmayacaq. Bu gün mən görürəm ki, onlardan doğrudan da aktyor olmadı. 3-4 tələbəm var. Səhnə danışığına hazırlaşdırmışam. Univesitetə daxil olublar. Bəziləri bitirib. Universiteti bitirəndən sonra bir insan gedib teatrda işləyirsə, bilin ki, bunun aktyor olmağa istəyi var. Kömək edin, vurmayın. Hər bir aktyor ona verilən rolu doğrultmaq üçün onu içində yaşamalıdır. Yaşamaq üçün də ürəyinə salmalıdır. Düşünmək üçün isə beyninə salmalıdır. Bu da illərlə davam edir. Mənə heç vaxt çatmayıb ki, tamaşa bitəndən sonra aktyorlar öz otaqlarına girib əyinlərini dəyişib gedir. Mən tamaşadan sonra otağıma girirəm və ən gec o teatrdan mən çıxıram. Çünki mən özümə gəlməliyəm. Məndən tər, su axır gedir. Bir kofe dəmləyib, oturub fikirləşirəm ki, nəyi necə etdim və etməliyəm. Əgər bir aktyor tamaşadan çıxıb otağına gəlirsə və tərləməyibsə, deməli, o, rolu daxilən oynamayıb. O, boğazdan yuxarı oynayıb.

-Yəni demək istəyirsiniz ki, yola verib?

-Yola verib sözündən xoşum gəlmir, amma reallıq odur. Səhnə müqəddəsdir. Sən hər bir sözü yaşaya bilmirsənsə, özün özünü aldadırsan.

-Rol aldığınız tamaşaların məşqində və ya filmlərin çəkilişində yadınızda hansı maraqlı hadisələr qalıb?

-Mən çalışıram öz rollarımı beynimdə saxlayım. Maraqlı hadisələr çox olub. Bəli, bizdə belə bir tendensiya var. Bir sənət adamı dünyasını dəyişəndə çıxıb efirdə ağız dolusu danışırlar. Ad çəkməyəcəyəm, çox məşhur aktyordur. Ona məndən yaxın heç kim olmayıb. Yəni mən o müsahibəni vermirəm. Baxıram, deyirlər: “Sanki filankəs müəllim pilləkəndən düşəndə o mənə baxdı və mən anladım ki, o, onun son baxışı idi”. Yaxşı danışırlar. Qardaş, sən nə vaxt gördün pilləkənlərdə? Nə vaxt hiss etdin? Bu da bayaq dediyim hava söhbətidir. Həmin aktyorla kifayət qədər şəklim var. Bir dəfə paylaşıb deməmişəm ki, sən pilləkənləri düşəndə mən sanki…. Baxın, budur söhbət (gülür)

-Teatr nəyi sevmir?

-Teatr zəifləri sevmir. Əgər sən zəif olsan, tapdalayacaqlar.

-Sizə xəyanət edən çox olub?

-Çox olub. Zərbələr də çox olub. İndi də davam edir. Allaha şükür edirəm ki, məni güclü yaradıb və zərbələrə dözürəm. Elə bir sahə yoxdur ki, teatrdan çətin olsun…

Mission News Theme by Compete Themes.