BAYRAQDAR MEDİA – İyunun 23-də tanınmış musiqiçi, Güney Azərbaycan milli hərəkatının fəalı Həsən Hergəlinin (Dəmirçi) vəfatının altıncı ildönümü münasibətilə Təbrizin “Vadi rəhmət” qəbiristanlığında anım mərasimi keçirilib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları və milli fəallar iştirak edib. Mərasim onun məzarı başında keçirilib.
H.Dəmirçi “1941-ci ildə Təbriz şəhərində anadan olub. 1981-ci ildə Təbrizdə küçələrdə ana dili ilə bağlı şüarlar yazdığına görə həbs olunub. 2006-cı ildə isə Xordad hadisələri zamanı Təbrizdəki etirazçılara 30 nəfərlik orkestri ilə konsert verdiyinə, eləcə də etirazlara qoşulduğuna görə musiqi məktəbi və orkestri ləğv edilmişdi. H.Dəmirçi İran İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunaraq Təbriz Mərkəzi Həbsxanasına salınıb. Daha sonra vəkil Nağı Mahmudi ona qarşı verilmiş hökmdən şikayətçi olduqdan sonra o, bəraət qazanmış və 6 aydan sonra azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra dəfələrlə təzyiqlərə və təqiblərə məruz qalıb”.
Vurğulanır ki, “2009-cu ildə rəhbərlik etdiyi Azərbaycan Musiqi Məktəbi ETTELAAT əməkdaşları tərəfindən bağlanmışdı. Nəticədə 11 musiqi müəllimi işsiz, 200 tələbə isə təhsilsiz qalmışdı. 2015-ci ilin dekabrında İranda və Güney Azərbaycanda yaşayan 1 min 46 türk fəalı Suriya türkmənlərinin qırğınına qarşı çıxaraq onlara dəstək bəyanatı imzalayıblar. Bəyanatı imzalayanlar arasında H.Dəmirçi də olub”.
Qeyd edilib ki, “H.Dəmirçi 2015-ci ildə Bakıda “Borçalı” cəmiyyəti tərəfindən verilmiş “Türklüyə Xidmət Mükafatı”na görə təzyiqlərə məruz qalıb”.
Məlumata görə, o, 2018-ci il iyunun 23-də müalicə olunduğu “Alinəsəb” xəstəxanasında 77 yaşında dünyasını dəyişib.