BAYRAQDAR MEDİA – Baş prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Dövlət Universiteti (BDU) ətraf mühitin mühafizəsi üçün ECOLEAD platforması yaradıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bununla bağlı anlaşma memorandumu Xankəndi şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans çərçivəsində imzalanıb. Konfransda çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, ekoloji qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması və dəymiş ziyanın ödənilməsi ilə yanaşı, maarifləndirici, qabaqlayıcı və bərpaedici effekt daşıyan tədbirlərin də görülməsi zəruridir. ECOLEAD platformasının yaradılmasında məqsəd maarifləndirmə və hüquq-mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxtərəfli münasibətlərin səmərəli təşkili və inkişafının təşviqi, ətraf mühitin əleyhinə qeyri-qanuni əməllərin araşdırılması, pozuntuların qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir”.
Sonra xəbərdə bildirilir ki, “BDU rektoru Elçin Babayev isə qeyd edib ki, ECOLEAD platformasının yaradılması ilə bağlı anlaşma memorandumunun imzalanması ekoloji cinayətlərə qarşı mübarizə və təbii irsin qorunması sahəsində səylərin birləşdirilməsi baxımından vacib addımdır. Rektor qeyd edib ki, BDU bu problemlərin həllində apardığı elmi tədqiqatları ilə yaxından iştirak edir. O, Universitetdə ekoloji çirklənmənin mənbələrini və təsirlərini müəyyən etməklə yanaşı, onun azaldılması və bərpası üçün effektiv tədqiqatlar aparıldığını vurğulayıb. E.Babayev ECOLEAD platformasının mərkəzində ekoloji cinayətlərin araşdırılması, prokurorluq əməkdaşları, ekoloqlar, BDU-nun elmi-pedaqoji heyəti və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə pozuntuların qarşısının alınması kimi mühüm missiyanın dayandığını deyərək platformanın əsas komponentləri – “ECOLAB”, “Ekoklinik” və “Cərimə Parkı – Təbiətin qisası” ətraf mühit problemlərinin həllinə mühüm töhfə verəcəyini bildirib. O, həmçinin bildirib ki, ECOLEAD platforması xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin həllində peşəkarların birgə işləməsi üçün əməkdaşlıq məkanı kimi xidmət edəcək. Rektor onu da əlavə edib ki, BDU ECOLEAD platformasının nizamnaməsinin hazırlanmasında, layihə çərçivəsində qeyd olunan sahələrdə qarşılıqlı multidissiplinar heyət modellərinin formalaşdırılmasında yaxından iştirak edəcək. E.Babayev BDU-da ECOLEAD Klinikasının yaradılmasının tapşırıqların səmərəli icrası, ekoloji problemlərin vaxtında həlli üçün vacib olduğunu deyib”.
Qeyd edək ki, anlaşma memorandumunu Baş prokurorun müavini Heydər Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və E.Babayev imzalayıb.