BAYRAQDAR MEDİA – İyunun 25-i saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrında (SDDT) Mədəniyyət Nazirliyi və sözügedən Teatrın birgə təşkilatçılığı ilə gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.
Xəbərdə qeyd edilir ki, “tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, qrafika və montajçısı Sahil Nəzərov, rejissor assistentləri Fazilə Rzayeva və Ləman Məmmədovadır. Səhnə əsərində Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Siyavuş Mahmudov, Akif Mirzəyev, Şəmistan Süleymanlı, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova və digərləri çıxış edəcəklər”.
Daha sonra xəbərdə, “tamaşa 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə, eyni zamanda qazilərin, müharibə veteranlarının qəhrəmanlığına ithaf olunub. 44 günlük Vətən müharibəsi xeyirin şər üzərindəki qələbəsi və tarixi ədalətin təntənəsidir. Tamaşada qələbəyə gedən yolun heç də asan olmaması, müharibə zamanı yaşanan sevinc, kədər, duyğulu anlar, həmçinin qələbədən sonrakı çətinliklər bir ailənin timsalında ümumiləşdirilərək təqdim olunacaq. Səhnə əsərində, eləcə də qələbəyə gedən yolda Azərbaycan xalqının dəmir yumruq ətrafındakı birliyi, bütövlüyü, Ali Baş Komandanın xalqa verdiyi xeyir xəbərlər əksini taparaq Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyəti göz önünə gətirilib” deyə qeyd olunur.