Press "Enter" to skip to content

Məhəmməd Füzulinin “Kulliyot”u çap edildi

Füzulinin "Kulliyot"u

Son yeniləmə: 21 İyun 2024 11:16

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri Özbəkistanda nəşr edilib.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən verilib.

Xəbərdə deyilir ki, “böyük şairin əsərlərindən ibarət iki cildlik “Kulliyot”un (Külliyyat) birinci cildində qəzəllər, ikinci cildində isə poemalar yer almaqdadır. Sözügedən nəşr böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə çap edilmişdir”.

Bildirilib ki, ““Kulliyot”un cari ilin 11-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ilkin təqdimatı da olub. Yaxın günlərdə isə Mərkəz tərəfindən əsərin daha bir neçə ali təhsil ocağında geniş təqdimatı, eləcə də universitetlərin kitabxanalarına əvəzsiz olaraq paylanması nəzərdə tutulub”.

“Kulliyot” filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən nəşrə hazırlanmışdır. Kitabın redaktorları Prof. Nurbay Cabbarov və Dos. Gülbahar Aşurovadır.

Qeyd edilib ki, “M.Füzulinin əsərləri Özbəkistanda ilk dəfə 1959-cu ildə iki cild halında kiril qrafikası ilə nəşr olunmuşdur. Sonrakı dövrlərdə şairin əsərləri müxtəlif müəlliflər tərəfindən bir neçə dəfə nəşrə hazırlansa da onun yaradıcılığını tam şəkildə əhatə edə bilməmişdir. Sözügedən nəşrdə M.Füzuli əsərlərinin müxtəlif dövrlərdə özbək dilində çap edilmiş əsərlərindən də istifadə olunmuşdur. Bununla yanaşı yeni nəşrdə böyük şairin Azərbaycan dilində çap edilmiş əsərləri, habelə M.Füzulinin anadilli “Divan”ının əlyazma nüsxələrindən də istifadə olunaraq dəqiqləşdirilmələr aparılmış, öncəki nəşrlərdə yol verilmiş xətalar aradan qaldırılmış, izahlar, şərhlər əlavə edilmiş və sonda kiçik lüğətçə də verilmişdir”.

Mission News Theme by Compete Themes.