BAYRAQDAR MEDİA – Jurnalist Ekspert Mərkəzi (JEM) Azərbaycanın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsinin icrasına başlayır.
Bu haqda sözügedən Mərkəzdən BAYRAQDAR MEDİA-ya verilən xəbərdə deyilir.
Bildirilib ki, “üç ay müddətində həyata keçiriləcək layihə çərçivəsində peşənin tarixi aspektlərini özündə birləşdirən sənədli-bədii filmin ssenarisindən ibarət “Fövqündə” adlı kitab nəşr ediləcək. Layihənin ikinci mərhələsində Naxçıvan Dövlət Universitetində Azərbaycan jurnalistikasının 149 illik tarixinə həsr olunan konfrans keçiriləcək”.
Konfrans yerli elm adamlarının, müəllimlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin, o cümlədən tələbələrin iştirakı ilə keçiriləcək.
Konfransda “Azərbaycan jurnalistikasının hazırlıq dövrü (1875-ci ilə qədərki dövr)”; “Azərbaycan milli mətbuatının, jurnalistika sisteminin yaranması və formalaşması dövrü (1875-1917-ci illər)”; “AXC dövrünün mətbuatı (1918-1920-ci illər)”; “Sovet dövrü Azərbaycan jurnalistikası (1920-1991-ci illər)”; “Müasir Azərbaycan jurnalistikası (1991-ci ildən başlayan və davam edən dövr)”, “Sosial şəbəkələrin peşəkar mediaya mənfi və müsbət təsirləri” mövzularında mühazirələr təqdim ediləcək.
Mühazirəçilərin 3 nəfəri Bakını, 3 nəfəri Naxçıvanı təmsil edəcək. Mühazirəçilər filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Prof. Asif Rüstəmli, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva, Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva olacaq.
Xəbərdə deyilir ki, “tədbirdə “Fövqündə” ssenari kitabı konfrans iştirakçılarına hədiyyə ediləcək. Eləcə də tədbirdə söyləniləcək mühazirələrin, səsləndiriləcək təkliflərin, aparılacaq müzakirələrin nəticələri təsnifatlandırılaraq təkliflər paketi formasında hazırlanıb müvafiq qurumlara təqdim olunacaq”.
JEM layihənin təşkil edilməsində məqsədi açıqlayaraq deyib: ”Layihənin məqsədi Azərbaycan jurnalistikasının vizual mənzərəsinin yaradılması istiqamətində film sənayesinə dəstək vermək, medianın dövlət maraqlarını əsas tutaraq yeni dünya standartlarına uyğun inkişafına təkan olmaq, təmsil olunduqları peşəyə bağlılığın möhkəmləndirilməsinin vacibliyi ilə bağlı gənc jurnalistlərə mesaj vermək, onları daha peşəkar fəaliyyətə həvəsləndirməkdir”.
Qeyd edək ki, kitab həm də Bakıda və Naxçıvanda fəaliyyət göstərən redaksiyalara, tələbələrə hədiyyə ediləcək.