Press "Enter" to skip to content

Humanitar Kollecin kollektivi Laçında

Bir Laçın xatirəsi

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin növbəti səfəri Qarabağın cənnət məkanı Laçın şəhərinə olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kollecin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə Laçında səfərdə olan Humanitar Kollecin yaradıcı kollektivi uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayış şəraiti ilə tanış olublar. Daha sonra Laçın seyrangahından şəhərə tamaşa edərək füsunkar təbiətinin gözəl mənzərələrindən etüdlər hazırlayıb rəsmlərə, yaddaşlara köçürüblər. Səfər çərçivəsində Kollecin müəllim və tələbə heyəti “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda da olub. “Hoçazfilm”in direktoru Amil Amal ziyarətçilərə nadir dekorasiyalar – təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran barədə məlumat verib”.

Sonra xəbərdə, “Kollecin direktoru musiqişünas Nərmin Qaralova bildirib ki, Azərbaycanın ən böyük rayonlarından olan, hər bir cəhətdən seçilən gözəl Laçının bərpası, yenidən qurulması göz qabağındadır. Direktor orada keçirilən tədbirlərin, milli-mənəvi dəyərlərin yaşadılmasına, inkişafına xidmət etdiyini qeyd edərək gənclərin, tələbələrin də belə ərazilərə səfəri, müxtəlif layihələrdə iştirak etməsi, onlarda Vətənə, torpağa sevgini daha da artırdığını, yaradıcı gənclərin fəaliyyətində xüsusi bir istiqamətə yol açdığını, stimul verdiyini vurğulayıb” deyə qeyd edilir.

Məlumat üçün deyək ki, Humanitar Kollecin rəssam və fotoqraflarının Laçını tərənnüm edən əl işlərindən ibarət sərgisi təşkil olunacaq.

Mission News Theme by Compete Themes.