BAYRAQDAR MEDİA – İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Güney Azərbaycan Milli Dövlətçilik Şurası Bəyanat yayıb.
Şuradan BAYRAQDAR MEDİA-ya iyunun 21-də daxil olan Bəyanatda deyilir:
“İran” adlanan ölkədə İbrahim Rəisinin helikopter qəzası sonucu ölümünün ardınca növbədənkənar prezident seçkiləri qərarlaşdırılmışdır.
“İran”da keçirilən ən son seçki nümayişinə əhalinin mütləq etinasızlığı açıqca göstərdi ki, artıq bu ölkədə seçki yolu ilə hər hansı bir dəyişikliyin gerçəkləşəcəyinə kimsənin inancı qalmamışdır. Digər tərəfdən Güney Azərbaycan xalqının həmin seçkiləri birmənalı olaraq boykot etməsi başqa bir gerçəkliyi də dünya ictimaiyyətinin gözü önünə sərdi. O da məhz ondan ibarət idi ki, artıq Güney Azərbaycan İran mərkəzli, fars meyvəli hər hansı bir prosesin içində yer almaq istəmir və öz müqəddəratını farsın və ya başqasının deyil, özünün dövlətçiliyi çərçivəsində təyin etmək niyyətindədir. Bu isə fars şovinizmi və onun hakim nümayəndəsi – İran işğal rejimini yeni tədbirlər görməyə sövq etmişdir.
“İran” adlanan dövlətin bu tədbirlərini, əsasən Güney Azərbaycan üzərindən gerçəkləşdirməyə çalışması və artıq köhnəlmiş olan hiyləgərlikləri ilə xalqımızı fars mərkəzli “İran” oyunlarına çəkmək istəməsi açıqca göstərir ki, xalqımızın seçki nümayişini boykot edərək verdiyi mesajı anlamış və ciddi bir biçimdə qorxuya düşmüşdür.
Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq əminliklə ifadə etmək istəyirik ki, Güney Azərbaycan xalqı və milli hərəkatımızın dəyərli nümayəndələri seçki manevrlərinin mahiyyətini bütün dərinliyi ilə dərk edir və fars şovinizminin növbəti hiyləgərliyini də daha öncəki seçki nümayişlərində olduğu kimi dəf etməkdə qərarlıdır.
Qeyd edək ki, Bəyanatı Güney Azərbaycan Milli Dövlətçilik Şurası adından Mərkəzi Şura başqanı Çingiz Göytürk imzalayıb.