Son yeniləmə: 21 İyun 2024 15:35
Vüqar Bayramov: Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə Avrasiyada iqtisadi əlaqələrin daha da güclənməsinə şərait yaradacaq
BAYRAQDAR MEDİA – “Zəngəzur dəhlizi bütövlükdə türk dünyasını birləşdirən dəhlizdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib
Millət vəkili bildirib ki, 1,4 trilyon dollarlıq nominal ümumi daxili məhsulu olan türk dünyası praktik olaraq regionda iqtisadi baxımdan aparıcı güclərdən birinə çevrilməkdədir: “Məhz buna görə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi, əvvəla, türk dövlətləri arasında inteqrasiyanın daha da güclənməsinə təkan verəcək. Digər tərəfdən, bu eyni zamanda türk dövlətlərinin iqtisadi inkişafına pozitiv təsir göstərəcək”.
Deputat hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, həmçinin bütövlükdə Avrasiya iqtisadiyyatına pozitiv təsir göstərəcək: “Çünki Avrasiya regionuna daxil olan ölkələr Zəngəzur dəhlizindən daha yaxşı, daha uğurlu şəkildə istifadə edə biləcəklər. Xüsusən də “Orta dəhliz”in genişləndirilməsi fonunda Zəngəzur dəhlizi beynəlxalq yük daşımaları baxımından aparıcılığını qoruyub saxlayacaq. Bu baxımdan Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə Avrasiyada iqtisadi əlaqələrin daha da güclənməsinə və bu regiona daxil olan ölkələrin iqtisadiyyatının inkişafına şərait yaradacaq”.