Press "Enter" to skip to content

Universitetlər hələ də məzun günündə diplom vermir…

Osman Gündüz

Son yeniləmə: 20 İyun 2024 11:29

BAYRAQDAR MEDİA – “Rəqəmsal diplom” layihəsi bu il işə düşəcəkmi?

Dərhal qeyd edim ki, hələlik yalnız bir universitet – Bakı Ali Neft Məktəbi məzun günündə diplom təqdim edə bilir.

Qalan universitetlərin məzunları ən yaxşı halda oktyabrda, ən pis halda da dekabrda diplomlarını ala biləcəklər.

Bu cür ikili standart nədən qaynaqlanır? Nə üçün universitetlər məzun günlərində tələbəyə diplom əvəzinə universiteti bitirmək haqqında hansısa bir arayış təqdim etməlidir?

Nə üçün diplom təqdim edilməsi universitetlərin bir ənənəsinə çevrilmir?

Bu məsələdə hələ də Elm və Təhsil Nazirliyi universitetlərə güzəştə getmək istəmir.

Diplom verilməsi səlahiyyəti ETN-in əlində cəmləşib. Universitetlər ETN-in informasiya sistemlərində olan məzun siyahısını çap edib yenidən ETN-ə verməlidir.

Nazirlik diplom blanklarını çap edərək universitetlərə verir, universitetlər də yay aylarında bu blankları doldurmalıdırlar. Adətən də bu proses xeyli gecikir, diplomlar isə növbəti tədris ilində, fərdi şəkildə, adi qaydada keçmiş məzunlara təqdim edilir.

Diplom blanklarını məzun günləri ərəfəsində ala bilməyən, prosesi başa çatdıra bilməyən universitetlərimiz isə bu tədbiri ənənəyə və yaddaqalan bir tədbirə çevirmək üçün diplom əvəzinə hansısa bir prototip-arayış hazırlayıb məzunlara təqdim edirlər.

ETN çox ləngiyir, heç olmasa bu məsələdə universitetlərin muxtariyyatını, müstəqilliyini artıra bilərdi.

Əslində bunun üçün zəmin çoxdan hazırlanıb. ETN-in əlində nəhəng bir data var. Şagirdlərin birinci sinfindən, hətta bağçadan tutmuş PhD mərhələsinədək bütün proses rəqəmsallaşdırılıb.

Bütün təhsil pillələrində qeydiyyat məsələləri Nazirliyin çox faydalı olan portal.edu.az resursundan idarə olunur. Yəni Nazirlik bu işi çox effektiv formada təşkil edə bilib. Bu isə o deməkdir ki, artıq hansısa təhsil sənədinin, diplomun saxtalaşadırılması ehtimalı sıfıra bərabərdir.

Belə olan halda isə gərək Nazirlik konservatizmi yumşalda, vətəndaşlar, universitetlər də rəqəmsallaşmanın bəhrəsini görsünlər.

Bir neçə il öncə təhsil sənədlərinin, o cümlədən diplomların elektronlaşması haqqında “Təhsil haqqında” Qanuna dəyişiklik edilib. Kağız diplomlar ləğv edilməli və məzunlara rəqəmsal diplomlar verilməliydi.

Bildiyim qədəri ilə ETN artıq bununla bağlı yeni Qaydaları hökumətə təqdim edib, lakin maraqlıdır ki, bu məsələ də xeyli vaxtdır uzanır. Yəqin yenə uzun-uzadı razılaşdırmalardadır.

Belə görünür ki, “rəqəmsal diplom” məsələsi bu il də öz həllini tapmayacaq.

Ümid edək hökumət tez bir zamanda bu Qaydaları təsdiqləyəcək , ETN və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, inteqrasiya proseslərini başa çatdırararq “rəqəmsal diplom” layihəsini reallaşdıra biləcəklər.

Güman ki, bundan sonra universitetlər məzun günlərində hansısa kağız parçasını deyil, heç olmasa rəqəmsal diplomların kağız versiyasını təqdim edib diplomların təqdimatı prosesini bir ənənəyə çevirə biləcəklər.

İRİA-nın MyGov-da hazırladığı “4 rəqəmsal sənəd” siyahısında təhsil sənədlərinin adı olmasa da ümid edirəm, məmurlar və qurumlar MyGov-dakı diplom məlumatlarını da sadəcə məlumat deyil, “rəqəmsal sənəd” olaraq qəbul edəcəklər.

Mission News Theme by Compete Themes.