BAYRAQDAR MEDİA – “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda növbəti maarifləndirmə tədbirləri Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında təşkil olunub.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “ETSN, Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Dövlət Su Ehtiyatları Agentliyinin (DSEA) nümayəndələrinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, bələdiyyələrin, sudan istifadə edənlər birliklərinin, yerli icra nümayəndələrinin və fermerlərin iştirakı ilə keçirilən görüşlər zamanı şəhər və rayonlarda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyət məlumatlandırılıb, sudan qənaətli və səmərəli istifadə, habelə mütərəqqi suvarma texnologiyaların tətbiqi, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması və bir sıra digər vacib məsələlər barədə su istehlakçılarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi həyata keçirilib”.
Tədbirlərdə iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılıb və mövcud problemlər, onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib.