Son yeniləmə: 20 İyun 2024 19:12
BAYRAQDAR MEDİA – İyunun 20-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 31 225 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 5 min 302 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2 min 33-ü alternativ qeydiyyat mərkəzlərində, 107-si onlayn alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 2 min 306-sı sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 856 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib”.
Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə, eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər: “Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir”.