BAYRAQDAR MEDİA – Təbriz zindanında cəza çəkən milli fəallar Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşar Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirən siyasi məhbusların təkadamlıq kameraya köçürülməsi ilə bağlı bəyanat yayıb.
Bu barədə xəbəri GünAz.TV yerli insan haqları təşkilatına istinadla yayıb.
Xəbərdə deyilir ki, “Təbriz həbsxanasındakı fəallar onların istəyinin yerinə yetirilməsini, barələrində irəli sürülən ittihamlarla bağlı məhkəmə iclaslarının açıq keçirilməsini tələb edib”.
Vurğulayaq ki, yayılan bəyanatda deyilir: “İnsan ölüm vaxtını bilmir, amma ölüm anında əl-ayağı çırpınır! Bir neçə gün öncə Evin həbsxanasında güneyli vətəndaş cəmiyyəti fəallarının aclıq aksiyası keçirməsi barədə eşitdik. Biz bəyanatda onlarla həmrəylik elan edib zindan rəhbərliyindən onların problemlərini həll etməsini istədik. Ancaq bu gün məlum oldu ki, fəallar gözlənilməz əməliyyat zamanı Evin zindanında təkadamlıq kameraya köçürülüblər. Biz, Təbriz mərkəzi həbsxanasındakı Güney Azərbaycanın siyasi mübarizləri, onların məhkəməsinin açıq keçirilməsini tələb edirik, onlara qarşı irəli sürülən ittihamlara şəffaf və açıq şəkildə baxılması üçün xəbərdarlıq edirik”.
Xatırladaq ki, bir müddət əvvəl bir qrup Güney Azərbaycanlı fəal cəza evində qeyri-müəyyən şəraitdə saxlanılmalarına, məhkəmənin qanunsuz əməllərinə, təhlükəsizlik məmurlarının rəftarına etiraz olaraq aclıq aksiyasına başlayıb.