BAYRAQDAR MEDİA – Tehranın Evin həbsxanasında olan əslən Güney Azərbaycanlı İsveç vətəndaşı Prof. Əhmədrza Cəlali İsveçin Baş naziri Olaf Kristersona müraciət edib.
Bu barədə xəbəri GünAz.TV insan haqları təşkilatına istinadla yayıb.
Ə.Cəlali yaydığı səs yazısında İranla İsveç arasında baş tutan məhbus mübadiləsində adının olmadığına görə İsveçin Baş nazirini tənqid edərək deyib: “Mən 8 il 2 aydır saxlanıldığım Evin həbsxanasının qorxunc təkadamlıq kamerasından sənə müraciət edir və deyirəm ki, məndən üz çevirməyi qərara aldınız. Məni edam təhlükəsi ilə qarşı-qarşıya qoyub edam hökmümün dəyişdirilməsinə görə mübarizə aparmadınız”.
Xatırladaq ki, İranda casusluq ittihamına görə həbsdə olan iki İsveç vətəndaşı – Yuhan Flodrus və Səid Əzizi iyunun 15-də İsveçdə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi Həmid Nurinin azadlığı qarşılığında sərbəst buraxılaraq İsveçə qaytarılıb.
Həmid Nuri 1988-ci ildə İran həbsxanalarında siyasi məhbusların kütləvi edamının həyata keçirilməsində iştirak etdiyinə görə 2019-cu ildə İsveçə səfəri zamanı saxlanılaraq ömürlük həbs cəzasına məhkum edilmişdi.
Xəbərdə deyilir ki, “Ə.Cəlalinin həyat yoldaşı Vida Mehranniya da İsveçin Baş nazirinə ünvanladığı müraciətdə onu tənqid edib, Cəlaliyə qarşı ayrı-seçkilik edildiyini bildirib”.
Qeyd edək ki, Əhmədrza Calali 2016-cı ilin aprelində Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib.