Son yeniləmə: 14 İyun 2024 11:08
BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olduğumuz gündən türk dövlətləri ilə əlaqələrimiz baxımından böyük bir yol keçmişik. Xüsusən də Azərbaycanla münasibətlərimiz son illərdə görünməmiş səviyyəyə çatıb”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel deyib.
Haber Kıbrıs xəbər verir ki, Yeni Azərbaycan Partiyasının dəvəti əsasında Azərbaycana səfər edən Ünal Üstel səfər öncəsi KKTC mediasına açıqlama verib.
Baş nazir “Azərbaycan KKTC əlaqələri öz tarixində ən yüksək səviyyədədir” deyib.
O, qeyd edib ki, Azərbaycanla KKTC arasında dövlətlər və hökumətlər arasında əlaqələrlə yanaşı, Ulusal Birlik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında da əməkdaşlıq yüksək səviyyədədir: “Qurduğumuz əməkdaşlıq dövlətlərarası münasibətlərimizin inkişafına da öz töhfəsini verdi”.
Ü.Üstel açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin bir çıxışına da istinad edib: “Cənab Əliyev bu yaxınlarda etdiyi çıxışında KKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyünü açıq şəkildə dəstəklədi. Onu salamlayırıq. İnanıram ki, çox da uzaq olmayan gələcəkdə Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olacağıq”.