Press "Enter" to skip to content

Qatarların hərəkət qrafikinə dəyişiklik edildi

Bakı metrosu

BAYRAQDAR MEDİA – İyunun 20-dən yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

Bu barədə xəbəri Bakı Metropoliteni QSC yayıb.

Xəbərdə deyilir ki, “metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək. Hər iş günü “Həzi Aslanov – 28 May” sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək”.

“İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq”.

“Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında interval saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov – 28 May” sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək”.

“Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək”.

“Bənövşəyi xətdə və “Xətai – Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək”.

Bildirilib ki, “sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla zəruri olan tənzimləmələr nəzərə alınacaq”.

Sonra xəbərdə, “xətlərin “28 May” stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov – Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədar “Ulduz – Həzi Aslanov” sahəsində intervallar daha çox ola bilər” deyə qeyd olunur.

Vurğulanıb ki, “iyun ayının 20-də “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq”.

Qeyd edək ki, yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.

Mission News Theme by Compete Themes.