BAYRAQDAR MEDİA – İctimai TV bayramlarla əlaqədar bir sıra sənədli filmləri tamaşaçılara təqdim edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən verilib.
Bildirilir ki, “15 iyunda Milli Qurtuluş Günü ilə əlaqədar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filminin İTV-də premyerası olacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış filmin adı Heydər Əliyevin “Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur” fikrindən irəli gələrək seçilib”.
Daha sonra qeyd edilir ki, “bayram günlərində milli-mənəvi dəyərləri özündə əks etdirən “Tarixin izi ilə – məscidlər”, “Əshabi-kəhf”, “Xəmsə. Nizami”, “Nəsimi” və sair sənədli filmləri də İTV efirindən izləmək mümkün olacaq”.
“İyunun 14-də Almaniyada rəsmi açılışı olacaq Avro-2024-ün bütün oyunlarını isə Azərbaycanda eksklüziv yayım hüququna malik İctimai TV və radionun həm canlı efirində, həm də rəsmi YouTube hesabında birbaşa izləyə bilərsiniz”, – deyə İTV bildirir.
Sonda qeyd edilir ki, “bütün bunlarla yanaşı musiqili, əyləncəli verilişlər, İctimai TV-nin efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən proqramlar və filmlər tamaşaçılara təqdim ediləcək”.