BAYRAQDAR MEDİA – 24-30 iyun tarixlərində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı (ADMGTT) Moldovanın Kişineu şəhərində keçiriləcək “MildFest” Beynəlxalq Teatr Festivalında Nikolay Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə iştirak edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “31 illik səhnə fəaliyyətini uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda uğurla çıxış edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) dəstəyi ilə 28 iyun saat 16:00-da Xarmelin adına Dövlət Gənclər Teatrında oynanılacaq tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir”.
Sonra xəbərdə, “kimsə tərəfindən saya alınmayan müfəttiş Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bu dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir. Çünki onun səsini yaşadığı bu dünyanın adamları da eşitmirlər” deyə qeyd edilir.