Press "Enter" to skip to content

Yayım Şurası bu dəfə Şuşada toplandı

Şuranın toplantısı

BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası Şuşada keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən verilib.

Qeyd edilir ki, iclasda “Şirkətin baş direktoru Balakişi Qasımov 2023-2024-cü il televiziya mövsümündə görülən işlər və nəzərdə tutulan planlar barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, hesabat dövründə İctimai Televiziya verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı müasir texnoloji yeniliklərin tətbiqini davam etdirib. Yeni studiyalar dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında fəaliyyət göstərir. Baş direktor deyib ki, İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, lisenziyalı layihələrin yayımı uğurla davam edir. Məqsəd müasir televiziya verilişlərinin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarına xidmət etməkdir”.

O da bildirilir ki, “iclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında ayrıntılı müzakirələr aparılıb. Yayımlanmış məzmunların ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub. Baş direktor qeyd edib ki, ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi AVRO-2024-ün Azərbaycanda eksklüziv yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. Almaniyada keçiriləcək turnirin 14 iyun tarixində açılış mərasimi birbaşa yayımlanacaq. Bir ay davam edəcək turnirin ən yüksək səviyyədə işıqlandırılması üçün hazırlıq işləri tamamlanıb. Azərbaycan ərazisində Avropa çempionatının bu oyunları İctimai Televiziyanın efiri ilə yanaşı rəsmi YouTube kanalında da canlı yayımlanacaq. Eyni zamanda gündəlik olaraq oyunların icmalları operativ şəkildə tamaşaçılara təqdim ediləcək. Planetin ən möhtəşəm idman yarışması – iyulun 26-dan avqustun 11-nə kimi davam edəcək “Paris-2024” Yay Olimpiya Oyunlarının Azərbaycanda eksklüziv yayım hüququ da İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. Bütün idmançılarımızın çıxışları, olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosional anları İTV-nin efirində yaşanacaq”.

“Baş direktor həmçinin bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan serialları da planlı şəkildə hazırlayaraq təqdim edir”, – deyə bildirilir.

Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Teymur Kərimli, Şura üzvləri –Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Vüqar Zeynalov İctimai Teleradioda həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər.

Vaqifin məqbərəsi önündə xatirə şəkli
Vaqifin məqbərəsi önündə xatirə şəkli

Xəbərdə deyilir ki, “iclas iştirakçıları Şuşaya səfər çərçivəsində şəhərin gözəl, tarixi əhəmiyyətli məkanlarını – Cıdır düzü, Vaqifin Muzey Məqbərə Kompleksi, Yuxarı Gövhərağa məscidi, İcra Hakimiyyətinin inzibati binasını, “Güllələnmiş heykəllər” və Xan qızı bulağını ziyarət ediblər. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılıb”.

Mission News Theme by Compete Themes.